Mütaliə həftəsinin keçirilməsi
|
18.9.2017
|
|
18 sentyabr 2017-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Mütaliə həftəsinin keçirilməsi ilə əlaqədar "Kitab bilik xəzinəsidir" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova "Kitablardan öyrənmək həmişə faydalıdır", kitabxananın elmi katibi Günay Kəngərli "Mütaliə cəmiyyətin vərdişinə çevrilməlidir", kitabxanaçı Gülnisə Zeynallı "İnformasiya dövrü və mütaliə problemi" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda kitab oxumağın faydalarından, mütaliənin insan həyatında önəmli rolundan, yaşadığımız dövrdə mütaliə problemlərindən ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, danılmaz həqiqətdir ki, cəmiyyətdə gələcək nəsillərin savadlı, bilikli, intellektual, mədəni formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Mütaliə insan düşüncəsinin, xarakterinin formalaşmasında mühüm rol oynayır. Elmi araşdırmalar dəfələrlə sübut edib ki, mütaliə nəinki stressi azaldır, həmçinin zehni açır, beyni aqressiyadan xilas edir, təbiəti, cəmiyyəti anlayıb şərh etmə qabiliyyətini təmin edir, insanın söz xəzinəsini zənginləşdirir. Bəzən deyirlər ki, bəşəriyyətdə yeni texnoloji imkanların mövcudluğu, kompyuter, telefon və s. kimi texnologiyaların böyük surətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Onu deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə xeyli müsbət təsir göstərir. Bundan başqa kitab elm, mərifət dünyasına açılan bir qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Yaxşı kitab ağıllı insanın həyatına həmişə işıq salan vasitə olub.Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbələri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdirlər.Naxçıvan Müəllimlər İnstitutunda tədris işləri üzrə prorektor, filalogiya üzrə elmlər doktoru Akif İmanlı tədbiri təşkil etdiyinə görə kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmişdir. Tədbirdə 50 nəfər iştirak etmişdir. Tədbirin sonunda "Kitab bilik mənbəyidir" adlı səyyari sərgiyə baxış keçirilmişdir.
|
|