Dövlət Bayrağı Günü
|
8.11.2017
|
|
08 noyabr 2017-ci il tarixində kitabxanada "Dövlət Bayrağı Günü"nə həsr edilmiş "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd etmişdir. Abonement şöbəsinin müdiri Azadə Qədimova "9 noyabr milli bayraq günüdür" adlı məruzə ilə çıxış etmişdir. Böyük kitabxanaçı Məşuqə Xudiyeva "Bayrağımız qürur mənbəyimizdir", kitabxanaçı Aytən Quliyeva "Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır" adlı mövzularla çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı
azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni,
milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.Qeyd edilmişdir ki, 1918-ci il iyun ayının 24-də Dövlət Bayrağı haqqında ilk qərar verilərək üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilib. 1920-ci
il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiya Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmiş, videolara baxış keçirilmişdir. Tədbirdə 32 nəfər iştirak etmişdir.
|
|