Mütaliə həftəsi
|
10.11.2017
|
|
10 noyabr 2017-ci il tarixində Afiyəddin Cəlilov adına Naxçıvan şəhər 12№li tam orta məktəbdə "Mütaliə həftəsi"nin keçirilməsi ilə əlaqədar “İnformasiya dövrü və mütaliə problemi” adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının elmi katibi Günay Kəngərli "Mütaliəyə maraq uşaq yaşlarından başlamalı",kitabxanaçı Gülnisə Zeynallı "İnformasiya dövrü və mütaliə problemi" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, kitab oxumaq anlayışı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi, bu tərbiyə forması da insanda kiçik yaşlarından, hətta bəzi alimlərə görə ana bətnində ikən aşılanmalıdır. Uşaqlar anlamasa belə valideynlər onların yanında uca səslə kitab oxuduqda, onlarda körpə yaşından kitablara sevgi yaranır. Xüsusən də zehninin ən intensiv dövrü sayılan üç-altı yaşlar arasında bunu etmək, təqdirəlayiq bir addımdır. Yuxarıda sadəcə kitab oxumağın üstün cəhətlərindən yazıldı, bir də oxunmadığı təqdirdə ola biləcək gerilikdən bəhs edildi. Bunlarla yanaşı bir də mütaliə üçün səhv seçimin yaratdığı fəsadlar vardır ki, bu oxucuda fikir qarışıqlığına yol açır, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Bundan əlavə pis vərdişlərin yaranmasına səbəb olur. Heç bir elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər şübhəsiz ki, oxucusunda mənfi nəticələrə yol açır. Bunun üçün də oxunacaq kitabı seçərkən diqqətli olmaq lazımdır. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Mütaliə etmək doğru yol getmək deməkdir.Tədbirin sonunda Naxçıvan şəhər 12№li tam orta məktəbin direktoru Əli Novruzov kitabxana rəhbərliyinə və əməkdaşlarına tədbir üçün təşəkkürünü bildirmişdir. Tədbirdə həmçinin “Oxunması zəruri olan kitablar” da nümayiş etdirilmişdir. Tədbirdə 12№li tam orta məktəbin müəllim və şagirdləri, bir qrup kitabxana əməkdaşları iştirak etmişdir. Tədbirdə 60 nəfər iştirak etmişdir.
|
|