Oxunması zəruri olan kitablar
|
16.5.2018
|
|
16 may 2018-ci il tarixində C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində "Oxunması zəruri olan kitablar"ın siyahısına əsasən XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin "Seçilmiş əsərləri"nin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru aytəkin qəhrəmanova açmışdır. M.S.ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının sistem inzibatçısı Heyran Ələsgərova Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının zal müdiri Vəsilə Cəfərova Seyid Əzim Şirvaninin "Seçilmiş əsərləri"nin qısa məzmunu haqqında məlumat vermişdir. Çıxışlarda bildirilmişdir ki, zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır. Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Tədbirdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir. Tədbirdə 14 nəfər iştirak etmişdir.
|
|