Kitabxanaçı Günü
|
18.5.2018
|
|
18 may 2018-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı Günü" münasibətilə "Abonement şöbəsinin KBT-yə əsasən kataloqlaşdırılması" mövzusunda məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının abonement şöbəsinin müdiri Azadə Qədimova "Abonement şöbəsinin KBT-yə əsasən kataloqlaşdırılması" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda bildirilmişdir ki, kitabxanalarda informasiya xidmətinin düzgün təşkilinin spesifik xüsusiyyətləri vardır. Ən mühüm problem kitabxana fondlarını müxtəlif oxucu qruplarının tələbatına uyğun təşkil etməkdən, onların istifadəsini operativ təmin etməkdən ibarətdir. Kitabxanalara sənəd axını nə qədər çoxalırsa, onların axtarılması da çox vaxt tələb edərək mürəkkəbləşir. Bu çətinliklərin aradan qaldırılması məqsədilə müxtəlif dövrlərdə müxtəlif təsnifat sistemləri yaranmışdır. Təsnifat sistemləri əsasında kitabxana fondları təşkil edilir, oxucuların tematik sorğuları ödənilir, sənədlər məzmununa görə təsnifləşdirilir, həm də onların əsasında kataloqlar yaradılır. KBT-nin kütləvi kitabxanalar üçün ilk variantı 1977-ci ildə, ikinci variantı isə 1986-ci ildə çap olunmuşdur. Sonrakı illərdə də təkmilləşdirilmiş variantları çap edilmişdir. Təkmilləşdirilmiş varianta görə KBT-nin əsas cərgəsini “Ümumelmi və fənlərarası biliklər şöbəsi” idarə edir. Bu bölmədə ümumnəzəri elmi biliklərin müasir elmi biliklərlə, yəni təbiətşünaslıq, texnika, sosial, humanitar biliklərin inteqrasiyası nəticəsində yaranmış əks etdirilməsi nəzərdə tutulmuşdur. KBT-nin əsas cərgəsinin sonuncu bölməsini “Universal məzmunlu ədəbiyyat” təşkil edir. KBT-nin kütləvi kitabxanalar, uşaq və məktəb kitabxanaları üçün nəzərdə tutulmuş variantlarında ixtisarlar aparılaraq bütün elm sahələri 9 şöbə daxilində qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir. Bütün şöbələr, bölmələr, yarımbölmələr və rublikalar ayrıclar vasitəsilə ayrılır. Abonement şöbəsi açıq rəf üsulu ilə işlədiyinə görə oxucular da sərbəst şəkildə rəflərə yanaşıb kitab seçə bilirlər. Kitabların düzgün düşülüşünə, xüsusilə daxili əlifbaya kitabxanaçı hər zaman diqqət yetirməlidir. Fondun düzülüşü sistemli düşülüş olduğu üçün ayrıclarda indekslər ərəb rəqəmləri ilə yazılır. Kitab öz ünvanında yerləşərsə, bu həm kitabxanaçının, həm də oxucunun kitabı tez bir zamanda tapmağına müsbət təsir göstərir. Bildiyimiz kimi kitabın indeksi titul vərəqinin yuxarı hissəsində sağ küncünə vurulur. Oxucudan alınan kitablar və başqa sənədlər bu indeks vasitəsilə tez bir zamanda öz yerinə yığılır. Tədbirdə 31 nəfər iştirak etmişdir.
|
|