Oxunması zəruri olan kitablar
|
23.5.2018
|
|
23 may 2018-ci il tarixində Naxçıvan şəhər Peşə liseyində "Oxunması zəruri olan kitablar"ın siyahısına əsasən Ernest Heminqueyin "Qoca və dəniz" povestinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron oxu zalının müdiri Əzizə Süleymanzadə "Ernest Heminqueyin həyat və yaradıcılığı", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Gülnisə Zeynallı "Qoca və dəniz" əsərinin qısa məzmununu oxuculara çatdırmışdır. Çıxışlarda müəllifin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, əsərdə baş verən hadisələr müzakirə edilmişdir. Bildirilmişdir ki, Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey, 2 iyul, 1961-ci ildə dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular. Müəllif qısa və dolğun yazı üslubu ilə XX əsr Amerka və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir. Tanınmış yazıçı Ernest Heminqueyin müəllifi olduğu "Qoca və Dəniz" əsəri, ona Nobel Mükafatını qazandırmışdır. Səyahətçi və macərapərəst bir ruha sahib olan müəllif bu əsərini, Kubaya yollandığı zaman qələmə almağa başlamış və Kubada tamamlamışdır. Əsər Havana yaxınlığında, Golf Stream-də kiçik qayığı ilə bir yerdə yalnız başına yaşayan qoca Santiago, zəif və üzünü qırış basmış yaşlı bir balıqçıdan bəhs edilir. Hər günəş doğduğu zaman onun yanaqları günəşin şəfəqləri ilə parlayardı. Santiago səksən dörd gün dənizdə balıq ovlamağa çalışsa da bir dənə də olsun balıq tuta bilməmişdi. Yanına kiçik bir köməkçi almış, lakin balıq ovlaya bilmədiyi üçün də köməkçisi başqa balıq ovçularının köməkçisi olmağa qərar vermişdi. Çünki uşağın ailəsi uşağın evə balıq ilə gəlməsini istəyir, bundan başqa Santiagonun uğursuzluğa məhkum olunduğunu düşünürlərdi.”Qoca və dəniz” povestində hər şeyin insan naminə olduğu oxuculara bədii bir formada təqdim edilir. Tədbirin sonunda Naxçıvan şəhər Peşə liseyinin direktoru kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmiş, belə maarifçi tədbirlərin tez-tez təşkil edilməsini xahiş etmişdir. Naxçıvan şəhər Peşə liseyinin müdavimlərinin sualları cavablandırılmışdır. Tədbirdə 27 nəfər iştirak etmişdir.
|
|