Şəfiqə Axundovanın anadan olmasının 95 illiyi
|
15.1.2019
|
|
15 yanvar 2019-cu il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 95 illiyi münasibəilə yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova "Şərqin ilk opera yazan qadını - Şəfiqə Axundova", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Şəfiqə Axundova və Azərbaycan teatr səhnəsi" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkarımız Şəfiqə Axundovanın adı musiqi ictimaiyyətinə yaxşı tanışdır. Qəlboxşayan mahnıları, teatr tamaşalarına yazdığı musiqiləri, opera və operettası ona böyük şöhrət gətirmişdi. Şəfiqə xanım Azərbaycan musiqi sənətində təkcə mahnıları ilə tanınmır. O, Şərqdə opera janrına müraciət etmiş ilk qadın bəstəkar kimi də məşhurdur. 1970-ci illərdə Ş.Axundovanın “Gəlin qayası” muğam operasının yaranmasını xüsusi vurğulamaq lazımdır. Bu operaın libretto müəllifləri Azərbaycan xalq yazıçısı Süleyman Rəhimov və İsgəndər Coşğundur. Əsər uzunmüddətli axtarışların bəhrəsi kimi meydana çıxmışdır. Üç pərdə, beş şəkildən ibarət bu operada qarşılıqlı sədaqətin, ülvi eşqin riyakarlıq üzərində təntənəsi tərənnüm olunur.Ş.Axundovanın musiqili komediya teatrı üçün yazdığı məşhur əsərlərindən biri də “Ev bizim, sirr bizim” musiqili komediyasıdır ( libretto müəllifi Novruz Gəncəlidir). Mövzusu müasir həyatdan alınmış bu əsərdə düzgünlük, saf və təmiz məhəbbət vəsf olunur. Müəlliflər bəzi adət-ənənələri, hələ də aramızda təsadüf edilən fırıldaqçılığı tənqid atəşinə tuturlar.Ümumiyyətlə, teatra bağlılıq Ş.Axundovanın yaradıcılığında mühüm əhəmiyyət kəsb edir. Bəstəkar səhnəni, çox sevirdi. Heç də təsadüfü deyildir ki, bəstəkarı tez-tez teatr tamaşalarına musiqi yazmağa dəvət edirdilər. O, bir çox teatrlarla əməkdaşlıq edərək, tamaşalara yaddaqalan, gözəl musiqi nömrələri yazmışdır. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş, bəstəkarin mahnıları dinlənilmişdir. Tədbirdə 34 nəfər iştirak etmişdir.
|
|