“Oxunması zəruri olan kitablar”
|
17.1.2019
|
|
17 yanvar 2019-cu il tarixində C. Məmmədquluzadə adına Ədəbiyyat muzeyində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən görkəmli yazıçı, dramaturq C.Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə "Hekayələr" adlı kitabının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Zeynab Sadıqova “C.Məmmədquluzadə-milli istiqlal ədəbiyyatının sərkərdəsi”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının informasiya-resurs şöbəsinin proqramçısı Aytən Məmmədova “C.Məmmədquluzadə “Hekayələr” adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, böyük ədibin həyat yolu kimi, yaradıcılığı da mürəkkəb, çoxcəhətli olmuşdur. O, bir müddət gərgin ideya-yaradıcılıq axtarışları aparmış, ədəbiyyatla bərabər teatr və mətbuata da meyl göstərmiş, Naxçıvanda və İrəvanda çox da ürəyindən olmayan inzibati işdə xidmət etmişdir. Yalnız illər uzunu davam edən zehni əmək sayəsində kasıb bir naxçıvanlının oğlu artıq doxsanıncı illərdə xalqının dərin zəkalı, geniş məlumatlı vətənpərvər simaları cərgəsinə keçməkdəydi. Hələ ilk cavanlıq illərində onun yazıçılığa böyük meyli varmış. Bütün bunlar həyat hadisələrini diqqətlə müşahidə etməsinin, ictimai mühiti, rastlaşdığı adamların məişətini, görüşlərini, danışıq və xasiyyətini dərindən öyrənməsinin əsas sirri idi. Sadə, əməkçi insanın duyğu və düşüncələri, arzu və dərdləri, bugünü və sabahı, bir sözlə, taleyi ilə bağlı mövzular, problemlər artıq aydın bir şəkildə onun yaradıcılığının ana xəttinə çevrilirdi. Bu baxımdan ədibin ilk mətbu hekayəsi “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrinin sayılan, bir neçə dildə nəşr edilib yayılan bu hekayə C.Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırır. Mirzə Cəlilin çox oxunan, çox sevilən əsərləri arasında “Qurbanəli bəy”, “İranda hüriyyət” (1907), “Quzu” (1914), “Zırrama” (1923), “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi” (1924), “Bəlkə də qaytardılar” (1926), “Proletar şairi” (1928) və s. hekayələri də var. Həmin əsərlərin hər biri müəllifin o illərdəki dünyagörüşününü mühüm bir cəhətini əks etdirmişdir. Tədbirdə həmçinin C.Məmmədquluzadə adına Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova çıxış edərək tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə və kollektivə öz minnətdarlığını bildirmişdir.Tədbirdə 13 nəfər iştirak etmişdir.
|
|