Oxunması zəruri olan kitablar
|
14.3.2019
|
|
14 mart 2019-cu il tarixində "Naxçıvan" Universitetində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən Reyhan Mirzəzadənin "A.S.Qriboyedov: şair-diplomat" adlı əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron oxu zalının müdiri Əzizə Süleymanzadə "Qriboyedovun həyat və fəaliyyəti", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Musayeva "Qriboyedov Naxçıvan həyatında" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, Qriboyedov nəinki fövqəladə şairlik, dramaturqluq istedadı, həm də yüksək mədəniyyətli bir mütəfəkkir yazıçı olması ilə də fərqlənmişdir. Yaradıcılıq ideyalarının siyasi-ictimai istiqaməti etibarı ilə Qriboyedov dekabrist əhval-ruhiyyəli ziyalılara çox yaxın olmuşdur. Onun “Ağıldan bəla” əsəri XIX əsrin 20-ci illərində Rusiyada azadlıq ideyalarının geniş yayılmasında mühüm rol oynamışdır.Rus realist dramaturgiyasının, rus tənqidi realizminin və rus ədəbi-bədii dilinin inkişafına Qriboyedovun yaradıcılığı, xüsusən onun “Ağıldan bəla” komediyası çox qüvvətli təsir göstərmişdir.Rus tənqidi realizminin ən gözəl nümunələrindən olan “Ağıldan bəla” komediyası XIX əsrin 20-ci illərində ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud ictimai-siyasi quruluşa qarşı müxalifət ruhunda tərbiyəsində mühüm rol oynayan yüksək sənət əsəri idi. “Ağıldan bəla”, hər şeydən əvvəl, fikirlərdə əmələ gələn bu yeniliyin təbiiliyini, qanunauyğunluğunu, həyatiliyini və gec-tez Rusiyada hər hansı bir şəkildə üsyanın baş verəcəyinin labüdlüyünü təsdiq və sübut üçün diqqəti cəlb etmişdir. Qriboyedovun uzaqgörənliklə yazdığı fikirləri xain xislətli ermənilər XIX əsrin sonu və XX əsrin əvvəllərindən gerçəkləşdirməyə çalışaraq əzəli türk yurdu olan Naxçıvanda minlərlə günahsız insanı qətlə yetirdilər. İnsanlığa sığmayan əməlləri ilə onlarla arxa-dayaq olmuş xalqımıza qarşı soyqırımı törətməkdən çəkinmədilər. Qriboyedov zəhmətkeş Azərbaycan xalqına xas olan əməksevərliyi, öz əməyi ilə yaşamağı hər şeydən əziz tutmaq meylinə böyük qiymət verirdi. O, Azərbaycanın bir sıra şəhərlərində olduğu vaxt azərbaycanlıların ağır və üzücü zəhçətdən qorxmadıqlarının, həmişə özlərini ən ağır işə verdiklərinin bilavasitə şahidi olmuşdur.
Bakıxanovla Qriboyedovun dostluğu o qədər möhkəm olub ki, faciəli ölüm xəbərini Qubada eşidən Bakıxanov təcili Tiflisə gedərək onun dəfndə iştirak edib. Tədbirə "Naxçıvan" Universitetinin müəllim və tələbələri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları dəvət edilmişdir. Tədbirdə 74 nəfər iştirak etmişdir.
|
|