Cəfər Cabbarlının anadan olmasının 120 illiyi
|
18.3.2019
|
|
18 mart 2019-cu il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasında yazıçı-dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Cəfər Cabbarlının həyat və yaradıcılığı" adlı mövzu ilə çıxış etmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova Cəfər Cabbarlının əsərləri haqqında geniş məlumat vermişdir. Çıxışlarda bildirilmişdir ki, Cəfər Cabbarlının Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır. Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur. Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır. C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir. Tədbirdə 32 nəfər iştirak etmişdir.
|
|