“Ordum varsa, yurdum var” adlı tədbir
|
25.6.2019
|
|
25 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında 26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş “Ordum varsa, yurdum var” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə 9927 nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Azadil Hüseynov açaraq bildirmişdir ki, tam 101 il bundan əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradılmışdır. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur. Bu gün hərtərəfli inkişafı ilə diqqət çəkən ölkəmiz həm də qüdrətli ordusu ilə müstəqilliyimizin qarantına çevrilmişdir. Bu gün hər birimiz qürurla deyirik ki, artıq güclü ordumuz var. Ordumuz istənilən an işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir dövlətin və cəmiyyətin həyatında ordu mühüm rol oynayır. Ordu müstəqillik rəmzidir. Xalqın əmin-amanlıqda yaşaması, dövlətin isə müstəqil olması üçün onun güclü, öz dövrünün tələblərinə cavab verən ordusu olmalıdır”. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova tədbirin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu regionun ən qüvvətli silah qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Güclü ordu müstəqilliyimizin qarantıdır” , M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron zal müdiri Zeynab Sadıqova "Ordumuz qürur mənbəyimizdir”, Naxçıvan Muxtar Respublikasının FHN-nin Mülki Müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Cəfərova Azadə “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur”, Naxçıvan Muxtar Respublikasının FHN-nin böhran vəziyyətlərində idarəetmə mərkəzinin əməliyyat növbətçisi Məmmədov Vüqar “Hərb tarixinin parlaq zirvəsi- Hüseyn xan Naxçıvanski” adlı mövzularla geniş çıxışlar etmişdirlər. Tədbirin sonunda isə video və slaytlara baxış olmuşdur. Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, Mülki Müdafiə Alayının əsgər və zabitlərini təbrik edərək, təmas xəttində törədilən təxribatlar zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulamışdırlar.Hərbi hissənin nümayəndələri isə şəxsi heyətdə vətənpərvərlik ruhunun və döyüş əzminin artırılmasına xidmət edən belə tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, kitabxana kollektivini tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə fəxri-fərmanla təltif etmişlər. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Mülki Müdafiə Alayının əsgər və zabitləri olmaqla ümumilikdə 50 nəfər iştirak etmişdir.
|
|