“Oxunması zəruri olan kitablar”
|
10.7.2019
|
|
10 iyul 2019-cu il tarixdə Saat Meydanı Kompleksində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən görkəmli dramaturq H.Cavidin “Azər” poemasının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə Saat Meydanı Kompleksininin Marketinq və Satış meneceri Aynur Oruclu açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru T.Əsgərova “Oxunması zəruri olan kitablar”ın əhəmiyyətindən və bu gün üçün aktuallığından söhbət açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının sistem inzibatçısı Nuray Qasımova “”Azər” poemasının qısa məzmunu”, M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabsaxlama şöbəsinin kitabxanaçısı Gülnisə Zeynallı “”Azər” poemasının əsas ideyası” adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan ədəbiyyatında romantizmin böyük ustadı sayılan Hüseyn Cavidin möhtəşəm ilham və istedadla yazılmış lirik-romantik, fəlsəfi şeirləri, “Azər” poeması, “Ana”, “Maral”, “Şeyda”, “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Uçurum”, “Xəyyam”, “Səyavuş” və sair pyesləri söz sənətimizin ideya¬-bədii mükəmməlliyə malik qiymətli inciləri sırasına daxildir. Dahi sənətkarın monumental “Azər” poeması da bu baxımdan xüsusi dəyərə malikdir. Dərin didaktik mündəricənin dolğun bədii vasitələrlə ifadə olunduğu bu əsərin baş qəhrəmanı Azərin dili ilə, əslində, Hüseyn Cavid bir çox məqamlarda özünün sosial-mənəvi kredosunu, əxlaqi-nəsihətamiz düşüncələrini oxuculara çatdırmışdır. Lirik-epik xarakterli bu poemada müəllif Azəri müxtəlif məkanlarda və rəngarəng səciyyəli situasiyalarda təsvir edir. Oxucu Azəri gah Azərbaycanda, gah da Avropada görür, müxtəlif hadisə və təzahürlərə onun münasibəti ilə tanış olur. Cavidin bu dəyərli poemasında həyatın sərt həqiqətləri, müxtəlif ¬reallıqları və onların oyatdığı təəssürat romantik-fəlsəfi tərzdə canlandırılmışdır. Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Saat Meydanı Kompleksinin əməkdaşları və gənc oxucular olmaqla ümumilikdə 28 nəfər iştirak etmişdir.
|
|