“Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən Elçinin “Baş” romanının müzakirəsi
|
4.3.2020
|
|
04 mart 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən Elçinin “Baş” romanının müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi Kamil Məmmədəliyev açaraq "Oxunması zəruri olan kitablar"ın müzakirəsinin keçirilməsinin əhəmiyyətindən danışmışdır. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Elçinin Baş romanının tarixi geosiyasi hadisələri özündə əks etdirən möhtəşəm bir əsər olmasından bəhs etmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Baş romanında cərəyan edən tarixi hadisələrə geosiyasi baxış”, kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Baş romanında milli çalar və yerli kolorit” mövzusunda çıxışlar etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, tək-tək insanlar yaşadığı müddətdə özünün yaradıcılığı ilə milyonların rəğbətini qazanır. Elçin də məhz belə yazıçılarımızdandır. O, Azərbaycan ədəbiyyatının canlı klassiki hesab olunur. Yaratdığı əsərlər dünya arenalarında nümayiş edilir. Qələmə aldığı psixoloji-fəlsəfi “Baş” romanı postmodernizm ədəbiyyatının parlaq nümunəsidir. Roman İlyas Əfəndiyevin xatirəsinə ithaf edilmişdir. Yazıçının geniş oxucu auditoriyasına təqdim etdiyi "Baş" romanı tarixi roman janrında yazılıb. Əsərdə baş verən hadisələr oxucunu XIX əsrin əvvəllərinə aparır. Cənubi Qafqazda baş verən mürəkkəb və ziddiyyətli tarixi hadisələr fonunda insan taleləri, qəhrəmanların daxili aləminin ən dərin qatlarından doğan hiss-həyəcanlar əsərdə yüksək bədiiliklə qələmə alınmışdır. Doğrudur, müəllif bu əsəri qəti olaraq tarixi adlandırmır və onu oxucunun ixtiyarına buraxır ki, kim necə istəyirsə, elə də qəbul eləsin. Qeyd edilmişdir ki, ilk baxışdan romanın sujet xəttində verilən ilkin mövzu Bakı xanlığında Rusiya imperiyası işğalçı ordusunun komandanı general Sisianovun başının kəsilməsi ilə Fətəli şaha göndərilməsidir. Müəyyən tarixi geosiyasi şəraitdə Fransa-İngiltərə-Rusiya-Osmanlı və Qacarlar arasında siyasi mübarizələrə, müharibələrə diqqət yetirilir, o zamankı Rusiya, Türkiyə, İran və Qafqazın hökmdarlarının, tarixi şəxsiyyətlərinin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun və əhatəli biliklə təmin olunur. Tariximizə işıq salan bu möhtəşəm roman həm də bu günün reallıqları ilə, indiki çətin və məsuliyyətli bir epoxanın tarixi gerçəklikləri ilə səsləşir. Tədbirin sonunda isə kursantların əsər haqqında fikirləri dinlənilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin müəllim və kursantları, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak etmişdir.
|
|