Amerika yazıçısı Cek London-145
|
12.1.2021
|
|
Yanvarın12-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Amerika yazıçısı Cek Londonun anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Amerika yazıçısı Cek London daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi kimi tanınmışdır. Hekayələrinin böyük qismi XIX əsrin sonu XX əsrin əvvəllərində Alyaskada qızılaxtaranlar və oradakı həyat tərzi barədədir. Cek Londonun əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.Oxucularının ürəyinə daha çox “Martin İden” romanı ilə yol tapan C.Londonun bundan başqa “Oyun”, “Bəyaz diş”, “Adəmə qədər”, “Əcdadların harayı” kimi povestləri, “Həyat eşqi”, “Günəşin oğlu”, “Smok Bellü hekayələri”, “Şaxtanın övladları” və digər hekayələri də maraqla qarşılanmışdır.Təsadüfi deyil ki, Cek Londonun “Həyat eşqi” adlı əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixdə imzaladığı Sərəncama əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olmuşdur.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova “Cek Londonun həyatı və mübarizəsi” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Cek London - Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənmişdir. Ögey atası onu himayəsinəgötürmüş və sonralar Con atalığının soyadını qəbul etmişdir. Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. 40 yaşında dünyasını dəyişən yazıçı qısa yaradıcı ömründə iyirmidən artıq roman yazmışdır. O, öz yaradıcılığı ilə Amerika ədəbiyyatının sərhədlərini genişləndirmək istəyirdi və həyatın aramsız zərbələri müqabilində durmadan yazırdı. Dünya ədəbiyyatında gedən prosesləri diqqətlə izləyən yazıçı anlayırdı ki, müasir dövrün öz qəhrəmanını yaratmaq lazımdır. Cek London yaradıcılığa “Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Qələmə aldığı “Canavar oğlu”, “Atalarının tanrısı”, “Şaxtanın övladları”, “İnsana inam”, “Ayüzlü”, “İtirilmiş sima” hekayələrindən ibarət toplu, “Qarlar qızı”, “Dəniz canavarı”, “Martin İden” romanları yazıçıya böyük şöhrət gətirmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Humanist yazıçı” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, onu yaşamaq uğrunda mübarizənin ən gözəl təsvir ustadı hesab edirlər. İnsanın ölümlə üz-üzə dayandığı o son məqamda ölüm mələyinə yenilməyən, bütün gücünü toplayıb dişi-dırnağı ilə savaşan, sonuncu nəfəsini belə boşa almayan qəhrəmanların yaradıcısı Cek London... Bir sözlə, yazıçı-döyüşçü, güclü insan, Qərbin ilk proletar yazıçısı Cek London həm ölkəsi, həm də dünya ədəbiyyatı üçün forma, novatorluq baxımından böyük xidmət göstərib. O ədəbiyyata öz mövzusu ilə gəldi, kimisə təkrarlamadı. Şimalın soyuqluğunu isti qəlblərdə əridə bildi. Dünyanın bütün sivil ölkələrində hər kəs bu yazıçını uşaqlığından tanıyır. Çünki bütün ədəbiyyat dərsliklərində Londona geniş yer verilib. Pedaqoqlar hesab edirlər ki, böyüməkdə olan nəsil üçün insani duyğularla, həyata iki əllə sarılmaq, mübarizə aparmaqla bağlı Cek Londonun əsərləri bir örnəkdir.
|
|