“Mütaliə günü” ilə bağlı “Kitab ən yaxın dostumuzdur”
|
15.1.2021
|
|
15 Yanvar 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhər Peşə Liseyində “Mütaliə günü” ilə əlaqədar “Kitab ən yaxın dostumuzdur” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmış, tədbirin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, dünyagörüşümüzü, məntiqimizi, yaddaşımızı, yaradıcılıq qabiliyyətimizi və ən əsası söz ehtiyatımızı artırmaq istəyiriksə, kitablardan uzaq qalmamalıyıq. Onları həyatımızın bir parçasına çevirməliyik.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Mütaliə və gənclik” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, insan gənclik illərində daha çox mütailəni sevir. Bu mütailə müxtəlif istiqamətli olur. Bəzi gənclər sırf hər hansı bir elm sahəsinə, digəri qəhrəmanlıq, vətənpərvərlik, başqa biri isə sevgi, məhəbbət və s. mövzularda ədəbiyyata meyl edir. Gənclərin mütailəsini düzgün istiqamətləndirmək üçün kitabxanaçı böyük rol oynayır. Bunun üçün kitabxanaçı müxtəlif kütləvi tədbirlərdən istifadə etməlidir. Bu zaman oxucu marağı daha ətraflı öyrənilir və istiqamətlər müəyyənləşdirilir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Mədətova “Kitab tükənməz mənəvi qidadır” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Kitab oxumaq dünyagörüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik.Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik. Fantaziyamız inkişaf edir.Yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik. Daha sürətli görüb, dərketmə bacarığına sahib oluruq.
|
|