Sədərək rayon MKS-nin əməkdaşlarına təcrübə məşğələsi
|
8.4.2021
|
|
08 aprel 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Sədərək rayon MKS-nin əməkdaşlarına təcrübə məşğələsi keçirilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, təcrübənin keçirilməsinin məqsədi oxuculara yüksək səviyyədə xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaq üçün kitabxanaçıların işinin istiqamətləndirilməsi, iş təcrübəsinin bölüşməsidir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Daxil olan çap məhsullarının qeydiyyatı” adlı çıxışında bildirmişdir ki, kitabxanaya çap məhsulları müxtəlif mənbələrdən - satın almaq, abunə, bəxşişlər, itirilmiş kitab əvəzinə oxucunun başqa kitab verməsi, başqa kitabxanadan kitab verilməsi və s. yollarla daxil olur. Kitabxanaya daxil olan çap məhsulları qoşma sənədlə tutuşdurulub yoxlanılır. Əgər çap məhsulları ilə birlikdə qoşma sənəd gəlməzsə kitabxana qəbul aktı tərtib edir. Çap məhsullarının uçotunu aparmaq üçün bir-biri ilə əlaqəli olan iki uçot növü vardır. Ümumi və fərdi uçot. Dövri nəşrlərin uçotu, kitabların uçotundan fərqli olaraq bir sira xüsusiyyətlərə malikdir ki, bu da həmin nəşrlərin mahiyyətindən doğur. Dövri nəşrlər, əsasən, abunə üzrə alınır. Bu və digər dövri nəşrə abunə yazılan hər bir kitabxana, onun bütün illik komplektini vaxtında, yubadılmadan, ayrı - ayrı nömrələrini ardıcıl almaq istəyir. Bunun üçün qəzet və jurnalların vaxtlı-vaxtında gətirilib kitabxanaya verilməsi üzərində nəzarət qoyulmalıdır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, təcrübə iştirakçılarının sualları cavablandırılmışdır. Həmçinin MKS əməkdaşları kitabxananın bütün şöbələri ilə əyani tanış olaraq gündəlik həyata keçirilən iş prosesi ilə tanış olmuşlar.
|
|