"Mütaliə Günü"nün keçirilməsi
|
9.4.2021
|
|
09 aprel 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Tibb Kollecində “Mütaliə Günü” ilə əlaqədar “Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru açaraq mütaliənin əhəmiyyətindən, dünyagörüşün formalaşmasında, məntiqin, yaddaşın, yaradıcılıq qabiliyyətinin inkişafında əvəzsiz rolundan danışmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron zal müdiri Zeynab Sadiqova “İntellektual səviyyənin yüksəlməsində mütaliənin rolu”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Rəsmiyyə Yusifova “Kitab oxumaq bizə nə verir?” adlı mövzularla çıxış edərək bildirmişdirlər ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Kitab insanın ən yaxın dostudur. O cəmiyyət həyatının bütün sahələrinin inkişafını tənzimləyən ümdə vasitə, insanın həyat yoluna işıq saçan bir bələdçidir.
Qeyd edilmişdir ki, insan gənclik illərində daha çox mütailəni sevir. Bu mütailə müxtəlif istiqamətli olur. Bəzi gənclər sırf hər hansı bir elm sahəsinə, digəri qəhrəmanlıq,vətənpərvərlik, başqa biri isə sevgi, məhəbbət və s. mövzularda ədəbiyyata meyl edir. Gənclərin mütailəsini düzgün istiqamətləndirməkdə kitabxanaçının rolu böyükdür.
Tədbirdə Naxçıvan Tibb Kollecinin tələbələri və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.
|
|