“Mütaliə bir mədəniyyət, söz ehtiyatıdır” adlı tədbir
|
9.7.2021
|
|
09 iyul 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mütaliə günü” ilə əlaqədar “Mütaliə bir mədəniyyət, söz ehtiyatıdır” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır.O mütaliənin əhəmiyyətindən bəhs edərək qeyd etmişdir ki,mütaliə insanın intellektini inkişaf etdirir, zehin açıqlığını, danışıq qabiliyyətini gücləndirir. Çox vaxt heç kimdən ala bilmədiyimiz məlumatları, həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları bizə mütaliə verir. Mütaliə dünyagörüşümüzü, həyata baxışımızı genişləndirir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Abonement şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Mütaliə mədəniyyətinin formalaşması şagirdlərin mənəvi tərbiyəsinə müsbət təsir edir” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Xurşud Budaqova “Mütaliə ən təsirli tərbiyə vasitəsidir” adlı mövzularla çıxış edərək bildirmişlər ki, mütaliə şagirdlərdə geniş dünyagörüşünün formalaşmasına təsir göstərir. Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir. Mütaliə mədəniyyətinin düzgün təşkili şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsinə vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam ruhda tərbiyə olunmuş vətəndaşların yetişdirilməsinə səbəb olur. Şagirdin özünü bir şəxsiyyət kimi təsdiq etməsinə, özünü reallaşdırmasına əlverişli şərait yaradır. Mütaliə edərkən şagirdlər eyni zamanda öz idrak maraqlarını təmin edir, mənəvi və estetik zövqlərini zənginləşdirirlər. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak etmişdir.
|
|