Nazim Hikmətin anadan olmasının 120 illiyi
|
13.1.2022
|
|
13 yanvar 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında türk yazıçısı Nazim Hikmətin anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, türk yazıçısı Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Nazim Hikmət poeziyası” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Rəsmiyyə Yusifova “Nazim Hikmətin şeirlərində sevginin tərənnümü” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. “Sərvliklərdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3”, 1930-cu ildə “1+1=1”, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şeirlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya – u” poeması, 1932-ci ildə yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun “Kəllə”, “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|