“20 Yanvar” adlı sərgi
|
18.1.2022
|
|
18 yanvar 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “20 Yanvar” adlı sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunmuşdur. “Azərbaycan Respublikası Xatirə Kitabı”nın II cildində Böyük Vətən Müharibəsi cəbhələrində, Qarabağ döyüşlərində həyatını qurban vermiş əsgər və zabitlərimizlə yanaşı, 14 nəfər 20 Yanvar şəhidi haqqında da məlumat verilmişdir. Rafiq Səməndərin “Şəhidlər” kitabında xalqımızın başına açılan ən dəhşətli repressiyalardan biri-“20 Yanvar” faciəsi şəhidlərinin qara taleyindən yazılmışdır. “Şəhidlər” adlı biblioqrafik vəsaitdə vətənimizin müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş 20 yanvar, Xocalı və Qarabağ şəhidləri haqqında kitablarda, dövri mətbuat səhifələrində dərc olunmuş materiallar toplanmışdır. Hidayət və Vəli Həbiboğlunun tərtib etdiyi “Şahidlər” kitabına 20 Yanvar faciəsini öz gözləri ilə gördüklərini qələmə almış çağdaşlarımızın yazıları daxil edilmişdir. Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri” kitabında Azərbaycan bəstəkarlarının 1990-2000-ci illərdə yazdığı 20 yanvar, Xocalı faciəsi, tarixi şəxsiyyətlər və qəhrəmanlıq mövzusuna həsr olunmuş əsərlər öz əksini tapmışdır. Qulu Kəngərlinin “Qara yanvar şəhidləri” adlı sorğu kitabında 1990-cı ilin yanvar ayında Bakıda, Lənkəranda, Neftçalada, Gəncədə, Sədərəkdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda qurban getmiş şəhidlər haqqında qısa məlumatlar toplanmışdır. Kitabda 20 Yanvar şəhidlərinin siyahısı da verilmişdir. Bundan başqa sərgidə H. N. Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, “Şəhid qanlı lalələr”, T. Yusifovanın “Oqtay Kazıminin “Şəhidlər” simfoniyası: struktur və üslub xüsusiyyətləri”, B. Vahabzadənin “Şəhidlər”, İ. Vəliyevin “Qara gündəlik”, A. Nisgilin “Məktəb həyatı”, S. Yaqublunun “Sevgim dənizdir”, Ş. Qəmxarın “Ulduzlara gedən yol” və s.adlı kitablar da nümayiş edilmişdir. Sərgi 27 yanvar 2022-ci il tarixədək nümayiş ediləcək.
|
|