20 Yanvar – Ümumxalq Hüzn Günü
|
19.1.2022
|
|
19 yanvar 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Qəhrəmanlıq və iftixar günü” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasınınkitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Şəhidlik və qəhrəmanlıq zirvəsi” adlı mövzularla çıxış edərək bildirmişlər ki,Azərbaycanın istiqlal tarixi çox faciələr görmüş, lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətinin səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi unutqanlığa məhkum olundu. Lakin xəyanətkarlar anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək əzmindədir. Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. Həmin gün 137 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsinə çevrildi.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|