"Kitabxana Günü"
|
24.6.2022
|
|
24 iyun 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar maarif xadimi Həsən bəy Səlim bəy oğlu Məlikovun (Həsən bəy Zərdabi) anadan olmasının 180 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açaraq bildirmişdir ki, Azərbaycanda sosial-mədəni həyatın canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdаbinin müstəsna xidmətləri olmuşdur. Onun yaratdığı məktəb bir əsrdən artıq zamanda inkişaf yolu keçib təkmilləşərək, düşüncə tərzimizə, tərəqqi yolunda xalqın maariflənməsinə böyük təsir göstərmişdir. Həyatını, yaradıcılıq fəaliyyətini xalqının inkişafına, zənginləşməsinə, elmə, təhsilə həsr edən Həsən bəy Zərdabi yaratdığı məktəblə əbədi abidəsini nəsillərin yaddaşına köçürmüşdür.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçıları-Xurşud Budaqova “Milli mətbuatımızın banisi-Həsən bəy Zərdabi” və Vüsalə Əliyeva “Həsən bəy Zərdabinin maarifçilik və xeyriyyəçilik fəaliyyəti” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Həsən bəy Zərdabi xalqının, el-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona əl uzadan, yol göstərən, əsl inkişafın nədə və necə olduğunu öyrədən millət fədaisi, müsəlman şərqində ilk müsəlman xeyriyyəçilik hərəkatının yaradıcısı, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi, Azərbaycan milli mətbuatının banisi olmuşdur. Milli düşüncənin yüksəlməsində çıxış yolunu yalnız təhsildə, elmdə görən böyük vətənpərvər xalqı maarifə, mədəni tərəqqiyə çağırır, bütün gerilik hallarını tənqid edirdi. O, elmi-publisist ideyalarında və sosial-siyasi baxışlarında xalqın maariflənməsinə böyük əhəmiyyət verirdi. Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuş, bu mətbu orqanla milli mətbuatımızın əsasını qoymuşdur.1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur. Həsən bəy Zərdabi öz əməlləri və qoyub getdiyi irsinə görə zirvədə dayanan ziyalı, mütəfəkkir, naşir, xeyriyyəçi və ən nəhayət, xalqının böyük təəssübkeşi olmuşdur.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|