“Mirzə Fətəli Axundzadə-210” adlı sərgi
|
24.6.2022
|
|
24 iyun 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə “Mirzə Fətəli Axundzadə-210” başlıqlı sərgi təşkil edilmişdir. Sərgidə görkəmli dramaturqun müxtəlif dövrlərdə yazdığı əsərlər və haqqında yazılmış kitablar, həmçinin yubileyinə həsr edilmiş biblioqrafik vəsait yer almışdır.
Sərgidə nümayiş edilən kitablardan 3 cilddən ibarət olan M.F.Axundzadənin “Əsərləri” kitabında yazıçı-dramaturq, ictimai xadim M.F.Axundzadənin milli teatr sənətinin, realist bədii nəsrin banisi olmasından söz açılmış, dövlət xadimlərinə, naşirlərə yazdığı bir sıra məktublar işıq üzü görmüşdür. M.F.Axundovun “Bədii və fəlsəfi əsərləri” kitabında yazıçının komediyaları, “Aldanmış kəvakib” povesti, şeirləri, məktubları, ədəbi tənqidi və tarixi məqalələri toplanmışdır. M.F.Axundovun dahi rus şairi Puşkinin yubileyi münasibətilə yazdığı “Şərq poeması” kitabında şərqdə ilk dəfə olaraq rus ədəbiyyatının Lomonosov, Derjavin və Karamzin kimi görkəmli simaları haqqında fikirlər söylənmişdir. İ.Rüstəmovun “Mirzə Fətəli Axundov” kitabında böyük mütəfəkkir, filosofun dünyagörüşündə fəlsəfi və təbii-elmi cəhətlərin üzvi vəhdəti elmi-kütləvi şəkildə şərh edilmişdir. M.Cahangirovun “M.F.Axundov dram əsərlərinin dili üzərində necə işləmişdir” kitabında M.F.Axundovun ayrı-ayrı dil-nitq vahidlərini nə məqsədlə və necə dəyişdirdiyinə, komediyalarını çapa necə hazırladığına, sonrakı nəşrlərə edilmiş təhrif və nöqsanlara dair məlumat verilmişdir. S.Murtuzayevin “M.F.Axundovun komediyalarının dil və üslub xüsusiyyətləri” kitabında M.F.Axundovun yeni dil yaradıcılığı sahəsindəki böyük fəaliyyəti, xüsusən, ümumxalq dilinin çox zəngin sahəsi olan frazeologiyadan istifadə xüsusiyyətləri araşdırılmışdır. M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş “Mirzə Fətəli Axundzadə və Gürcüstan” kitabında məşhur gürcü ədəbiyyatşünasları, yazıçı və şairlərinin M.F.Axundzadə haqqında yazdığı əsərləri və məqalələri öz əksini tapmışdır.
Sərgidə həmçinin H.Tağıyevin “M.F.Axundov” (biblioqrafiya), Ə.Əhmədovun “Böyük Azərbaycan mütəfəkkiri”, M.F.Axundovun “Komediyalar, povest, şeirlər”, “Mürafiə vəkillərinin hekayəti”, “Aldanmış kəvakib” və s. ədibin yaradıcılığını və fəlsəfi dünyagörüşünü əks etdirən kitablar toplanmışdır. Sərgi iyun ayının 30-dək nümayiş ediləcək.
|
|