Cəfər Xəndan - 115
|
6.5.2025
|
|
06 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair, tənqidçi, ədəbiyyatşünas Cəfər Xəndanın anadan olmasının 115 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə Cəfər Xəndanın Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin inkişafının müasir səviyyəyə çatmasında göstərdiyi xidmətlərdən bəhs edən kitablar və dövri mətbuat nümunələri nümayiş edilir.
Sərgidə Cəfər Xəndanın “Şairin həyatı” kitabında böyük Azərbaycan şairi M.Ə.Sabirin keçdiyi həyat yolu öz əksini tapmışdır. Həmçinin, kitabda xatirələrdən, tarixi sənədlərdən istifadə edilmişdir. “Şeirlər” kitabına görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın müxtəlif illərdə yazdığı şeir və poemaları daxil edilmişdir. “Ədəbi qeydlər” kitabında Nizami Gəncəvi yaradıcılığının XIX və XX əsrlərdə Azərbaycan ədəbiyyatına təsirindən, ədəbiyyatımızın inkişaf mərhələlərindən söhbət açılmışdır. “Uğur yolu” kitabında Cənubi Azərbaycan ədəbiyyatının 1828-ci il Türkmənçay müqaviləsindən tutmuş, 1946-cı ilə qədər keçdiyi təkamül yolu zəngin tarixi materiallar əsasında işıqlandırılmışdır. “Molla Nəsrəddin” kitabında müəllif öncə Mirzə Cəlilin XX yüzilin əvvəlindən başlayaraq ictimai-siyasi və ədəbi-bədii mühitdə geniş fəaliyyətindən söhbət açmış, "Ölülər", "Anamın kitabı", "Kamança", "Dəli yığıncağı", "Danabaş kəndinin məktəbi" əsərlərinin təhlilini vermişdir. “Ədəbiyyatımızın dünəni və bu günü” kitabında ədibin müxtəlif illərdə ədəbi-tənqidin inkişafında göstərdiyi xidmətlərdən, müxtəlif bədii əsərlərdən etdiyi tərcümələrdən, ədəbi-elmi yaradıcılığından bəhs edilir. Azərbaycan ədəbi-bədii jurnalının 1980-ci il 5 may tarixli buraxılışında görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın anadan olmasının 80 illik yubileyi münasibətilə Vaqif Yusiflinin “Görkəmli ədəbiyyatşünas, fəal ictimai xadim” adlı məqaləsi dərc edilmişdir.
Sərgidə həmçinin, Cəfər Xəndanın “Mikayıl Müşfiq”, “Mir Cəlal”, “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Azərbaycan”, “Azərbaycan məktəbi” jurnalları və s. çap məhsulları nümayiş edilir. Sərgi may ayının 14-dək nümayiş ediləcək.
|
|