9 May Qələbə Günü
|
8.5.2025
|
|
08 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "9 May Qələbə Günü" adlı sərgi təşkil edilib. Sərgidə 25 kitab nümayiş edilir.
Sərgidə nümayiş edilən "Azərbaycan Sovet İttifaqı qəhrəmanları" adlı kitabda Azərbaycan oğullarının yüksək vətənpərvərliyi, vətənə olan sonsuz sevgisi, vətən oğullarımızın Böyük Vətən müharibəsi illərindəki qəhrəmanlıqları öz əksini tapıb. Q. Orucovun "Azərbaycan Qafqaz döyüşlərində” kitabında Azərbaycan zəhmətkeşlərinin Qafqaz döyüşləri zamanı cəbhədə göstərdikləri rəşadət, Sovet İttifaqı xalqlarının cəbhə qardaşlığı, dostluğu, vətənpərvərliyi işıqlandırılır. "Salam, General" adlı kitabda Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun döyüş dostlarının, məşhur sərkərdələrin xatirələri, onu tanıyan jurnalistlərin məqalələri toplanmış, həmçinin Həzi Aslanovun qəhrəmanlığını tərənnüm edən şeir və nəğmələr yer alıb. S. Məmmədovun “Azərbaycanın şanlı qızları” adlı fotokitabda Böyük Vətən müharibəsində faşizmə qarşı döyüşlərdə iştirak etmiş on mindən çox Azərbaycan qadınının həyat və döyüş yolu qələmə alınıb. İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” povesti alman-faşist işğalçılarına qarşı mübarizədə rəşadət göstərmiş, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr edilib. Ə.Bağırzadənin "Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində” kitabında Azərbaycan ziyalılarının Böyük Vətən müharibəsi illərində çoxcəhətli rolu, alimlərin, yazıçıların, bəstəkarların, teart-kino işçilərinin misilsiz fədakarlıqları ətraflı işıqlandırılır. F.Zamanovun "Ataların döyüş yolu" kitabında görkəmli sərkərdələrin Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski, Cabir Əliyev və başqalarının, ordu sıralarında xidmət edən gənc döyüşçülərin həyatından, arzu və istəklərindən bəhs edilir.
Sərgidə həmçinin, A.Kazımzadənin "Azərbaycan kinosu və müharibə”, A. Quliyevin "Berlində görüşənədək!", M.Əkbərovun “Böyük Vətən müharibəsinin müəllim qəhrəmanları”, T.Seyidovun "408 sədərəkli döyüşçü kimi unudulmazdır", R.Zeynalov və L.Borodetski "Qafqaz dağlarının ətəklərindən Berlinədək", H.Quliyevin "Cəbhə qəzetləri", Fikrət Əmirovun "Azərbaycan simfonik süitası", "Cəbhə yolları" və s. kitablar nümayiş edilir. Sərgi may ayının 17-dək nümayiş ediləcək.
|
|