Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan Muxtar Respublikası Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir. Tarixi mənbələrdən aydın olur ki, orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təlim-tədris işlərinə köməklik məqsədilə kitabxanalar yaradılmış, 1837-ci ildə Naxçıvan şəhərində açılmış rus-tatar məktəbində ilk kitabxana təşkil edilmişdir. Kitab mədəniyyətinin inkişafında görkəmli ziyalıların şəxsi kitabxanalarının da özünəməxsus rolu olmuş, Eynəlibəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy Bəktaşinin, Şahbazağa Kəngərlinin, Rza Təhmasibin və başqa ziyalıların şəxsi kitabxanaları xalqın maariflənməsinə xidmət etmişdir.
Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kİtabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş və kompyuter sistemi ilə təhciz edilərək oxucuların istifadəsinə verilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır.
Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunmuşdur.
“Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalamışdır.
Həmin Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın 3-cü bəndinə uyğun olaraq Elektron Kitabxana yaradılmışdır.