Mütaliə həftəsinin keçirilməsi
|
7.3.2019
|
|
07 mart 2019-cu il tarixində Naxçıvan Tibb Kollecində Mütaliə həftəsinin keçirilməsi ilə əlaqədar "Yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsində mütaliənin rolu" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin kompüter mütəxəssisi Nuray Qasımova "İnsan zəkasının formalaşmasında mütaliənin rolu", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin böyük kitabxanaçısı Nərmin Allahverdiyeva "Yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsində mütaliənin rolu" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki,Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. İnsanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə hər kəsi düşündürən məsələlərdən biri də cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişaf səviyyəsidir. Etiraf edək ki, biz hər sahədə çox böyük məsafələr qət etsək də, mütaliə mədəniyyətinin inkişafı sahəsində lazımi irəliləyişə nail ola bilməmişik. Xüsusən, gənclərdə mütaliəyə marağın aşağı düşməsi təhlükəli bir tendensiyanın xəbərçisidir. Bu gün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də, necə deyərlər, çirklənmiş xəbər mənbəyi sayılan sosial şəbəkələr, xüsusilə gənclərimizin informasiya mənbəyinə çevrilib. Bu kor-koranə bağlılıq mütaliə etmək, kitab oxumaq kimi daha dəyərli mənbələrdən məlumat almaq istəyini xeyli azaldıb. Gənclərimizin intellektual təbəqəsi isə məlumatları daha çox elektron informasiya vasitələrindən almağa üstünlük verir, hətta bədii və elmi ədəbiyyatı da kompüter vasitəsilə oxuyurlar. Təbii ki, elektron məlumat mənbələrinin çoxalmasını qınaq obyektinə çevirmək fikrindən uzağam. Çünki bu, zamanın tələbidir. Lakin bu da bir faktdır ki, məlumat mənbələrinin çoxalması insanlarımızın fəaliyyətini və düşüncə imkanlarını fərqli məcrada bölüb, beyinlərin daha çox yüklənməsinə və yorulmasına gətirib çıxarıb.Gənclərimizi mütaliədən ayıran səbəblərdən biri də milli mentalitetimizə uyğun olmayan xarici serialların və bəzi filmlərin izlənilməsidir. Bu, gənclərimizin elmə, oxumağa həvəsini azaltmaqla yanaşı, yersiz əyləncələrə, səmərəsiz həyat tərzi keçirmələrinə maraq oyadır. Gənclərimiz bir şeyi anlamağa çalışmalıdırlar ki, onların taleyini heç də həmin seriallar, filmlər müəyyənləşdirməyəcək. Onların gələcəyinə yalnız yaxşı kadr kimi yetişmək üçün mütaliə etmək faydalı ola bilər. Yəni biz özümüzün və Vətənimizin gələcəyi naminə oxumalı, öyrənməli, yenilikləri mənimsəməli, mütaliə mədəniyyətimizi inkişaf etdirməliyik. Dahilər yurdunun böyük alimlər, yazıçılar, tədqiqatçılar, siyasətçilər, sərkərdələr şəcərəsinin davamı mütləq olmalıdır. Bu isə yalnız elm və təhsillə mümkündür. Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır.Tədbirdə 72 nəfər iştirak etmişdir.
|
|