“Səyyar kitabxana xidməti”
|
13.3.2019
|
|
13 mart 2019-cu il tarixində “Səyyar kitabxana xidməti” məqsədilə Naxçıvan şəhər mədəniyyət şöbəsinin Təqaüdçülər Klubunda “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabsaxlama şöbəsinin müdiri Minayə Nəbisoy “Nikolo Makiavellinin həyat və yaradıcılığı”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin kompyuter mütəxəssisi Nuray Qasımova “Hökmdar” əsəri haqqında məlumat” adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, “Hökmdar” əsəri İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. Bu əsər işıq üzü gördükdən sonra siyasətdə ikiüzlülüyü, həyasızlığı, özbaşınalığı bildirən “makiavelizm” termini meydana çıxdı. Nikolo Makiavellinin "Hökmdar" əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalmış, dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olmuşdur. Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir. Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Makiavelli hökmdarlara məsləhət görür ki, insanları qorxu altında saxlamaq, onların sevimlisi olmaqdan daha məqsədəuyğundur. Çünki insanların çoxu satqın, qorxaq, riyakar və yalançıdır. Təhlükə qarşısında onların bü xüsusiyyətləri tezliklə üzə çıxır. Əmin-amanlıq zamanlarında belə adamlar səndən ötrü nə qədər əldən-ayaqdan gedirlərsə, ara qarışdıqda onların üzü səndən bir o qədər dönür, belə vaxtlarda onlar səni nəinki satmağa, hətta məhv etməyə də hazırdırlar. Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır. Hakimiyyəti qəsb etmək və əldə saxlamaq prinsiplərini irəli sürdü. Həmçinin tədbirdə Naxçıvan şəhər mədəniyyət şöbəsinin Təqaüdçülər Klubunun direktoru Vasif Seyidov çıxış edərək əsərin əhəmiyyətindən danışdı və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşlarına minnətdarlığını bildirdi. Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”ın sərgisinə baxış keçirilmişdir. Tədbirdə 24 nəfər iştirak etmişdir.
|
|