Məşhur ingilis yazıçısı Daniel Defonun “ Robinzon Kruzonun macəraları” adlı əsərinin müzakirəsi
|
15.11.2019
|
|
15 noyabr 2019-cu il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında məşhur ingilis yazıçısı Daniel Defonun “Robinzon Kruzonun macəraları” adlı əsərinin müzakirəsi” keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Şəfəq Abbasova açmışdır.
Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının
oxu zal müdiri Vəsilə Cəfərova “Daniel Defonun həyat və yaradıcılığı”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Yaradanından daha məşhur olan obraz - Robinzon Kruzo” adlı mövzularla çıxışlar etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, cəlbedici dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, "Robinzon Kruzo" ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir. Daniel Defo bu əsəri ilə Avropada roman janrına yeni keyfiyyətlər gətirmişdir. Ustalıqla yazılmış bu əsərin ən maraqlı cəhətlərindən biri odur ki, roman dəniz səyahətindən bəhs etsə də, Daniel Defo yalnız bircə dəfə - gənclik illərində gəmiylə Portuqaliyaya səfər etmiş, qalan bütün ömrünü isə yalnız öz Vətənində keçirmişdir. Romanda adam yaşamayan adaya düşmüş insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi tərənnüm olunur. Əsər adi insanın yaradıcı fəaliyyətinin imkanlarına inam hissi aşılayan roman kimi bizi məftun edir.Saysız-hesabsız oxuculara nəsilbənəsil bədii zövq vermiş “Robinzon Kruzo” öz qəribə macəralarıyla hər yaşda oxunan bir kitabdır.
Tədbirdə Naxçivan Musiqi Kollecinin, Naxçıvan şəhər Uşaq kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər MKS-nin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla ümumilikdə 34 nəfər iştirak etmişdir.
|
|