“Müstəqilliyimiz əbədidir və sarsılmazdır” adlı tədbir
|
15.10.2020
|
|
15 oktyabr 2020-ci il tarixdə 18 Oktyabr – Milli Müstəqillik Günü ilə bağlı “Müstəqilliyimiz əbədidir və sarsılmazdır” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, 18 oktyabr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Və bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Müstəqillik illərində Azərbaycan Respublikası böyük uğurlara imza atmışdır. Bu inkişaf Azərbaycanın bütün bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında da aydın şəkildə müşahidə olunmuşdur. Müstəqil ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərindən biri blokada vəziyyətində yaşayan muxtar respublikanın hərtərəfli inkişafa nail olmasıdır.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Asəf Orucov “Müstəqillik Naxçıvandan başlayır” adlı çıxışında qeyd etmişdir ki, 1990-cı ildə Azərbaycan ağır dövr yaşayırdı. Xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə - 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn ümummilli liderimiz Heydər Əliyev xalqın xilaskarına çevrilmişdir. Ulu öndərimiz burada əhali tərəfindən böyük coşquyla qarşılanmışdır. Həmin dövrdə Naxçıvan da son dərəcə ağır bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq iflic olmuş, əhalinin maddi durumu kritik həddə çatmışdı. Digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı, burada Azərbaycanın xilası naminə tədbirlər həyata keçirməyə başlaması nəinki naxçıvanlıların, bütün Azərbaycan xalqının inamını özünə qaytarmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlətçiliyimizin bərpası istiqamətində uğurlu addımlar atılmış, bir sıra tarixi qərarlar qəbul edilmiş, ordu quruculuğu prosesinə başlanılmış, muxtar respublikanın təhlükəsizliyi təmin olunmuşdur.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Müstəqillik illərində Naxçıvanın inkişafı” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsasları yaradılmış, iqtisadi islahatlar aparılmışdır. Bu illərdə iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının daha da yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunub. Bütün bunlar hər şeydən əvvəl görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Tədbirdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin, İmran Qasımov adına Naxçıvan şəhər MKS-nin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 20 nəfər iştirak etmişdir.
|
|