Şairə Mədinə Gülgün - 95. Ədəbi-bədii gecə
|
14.1.2021
|
|
14 yanvar 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şairə Mədinə Gülgünün anadan olmasının 95 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir. Ədəbi-bədii gecəni giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Mədinə Gülgünün şeirləri mövzu baxımından müxtəlif və rəngarəngdir. İkiyə parçalanmış Azərbaycan xalqını düşündürən, narahat edən ən mühüm məsələlər onun şeirlərində bütün yönləriylə bədii əksini tapmışdır. Müəllifin şeirlərində ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin, inandırıcı boyalarla ifadə olunmuşdur. Bu ordan qaynaqlanır ki, şairə ayrılıq faciəsini sadəcə bir çoxları kimi uzaqdan-uzağa duymamış, ömründə, taleyində yaşamışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Bir vətən aşiqiyəm, bir inadlı səsəm mən” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Mədinə Gülgün1926-cı ilyanvar ayının 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşdür. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur.Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir. “Azərbaycan” qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O,1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş,1952-ci ildə həmin fakültəni bitmişdir. Azərbaycan ədəbiyyatının görkəmli qadın şairələrindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgün məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilmişdi. “Yer üzündə bir evim var, ocağı daim yanar. Onun sönməz şöləsindən, ürəyim işıqlanar” -, deyən şair ailəsini, övladlarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.Tədbirin bədii hissəsində isə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva şairənin “Arzu da bir ömürdür” və oxu zalının müdiri Vəsilə Cəfərova “Dənizin sahili var” adlı şeirlərini qiraət etmişlər. Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxcular iştirak etmişdir.
|
|