“Azər” poemasının müzakirəsi
|
6.7.2021
|
|
İyulun 6-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan görkəmli dramaturq Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq “Oxunması zəruri olan kitablar”ın əhəmiyyətindən və bu gün üçün aktuallığından söhbət açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Surə Vəliyeva “Hüseyn Cavidin həyat və yaradıcılığı”, və Ümumi oxu zalının müdiri Vəsilə Cəfərova “Azər”poemasının süjet xətti” mövzusunda çıxış edərək bildirmişlər ki, Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. O, beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirərək, ərəb və fars dillərini öyrənmişdir. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Azərbaycan ədəbiyyatında romantizmin böyük ustadı sayılan Hüseyn Cavidin möhtəşəm ilham və istedadla yazılmış lirik-romantik fəlsəfi şeirləri, “Ana”, “Maral”, “Şeyda”, “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Uçurum”, “Xəyyam”, “Səyavuş” və s. pyesləri söz sənətimizin qiymətli inciləri sırasına daxildir. Dahi sənətkarın monumental “Azər” poeması da bu baxımdan xüsusi dəyərə malikdir. Dərin didaktik mündəricənin dolğun bədii vasitələrlə ifadə olunduğu bu əsərin baş qəhrəmanı Azərin dili ilə, əslində, Hüseyn Cavid bir çox məqamlarda özünün sosial-mənəvi kredosunu, əxlaqi-nəsihətamiz düşüncələrini oxuculara çatdırmışdır. Lirik-epik xarakterli bu poemada müəllif Azəri müxtəlif məkanlarda və rəngarəng səciyyəli situasiyalarda təsvir edir. Oxucu Azəri gah Azərbaycanda, gah da Avropada görür, müxtəlif hadisə və təzahürlərlə onun münasibəti ilə tanış olur. Cavidin bu dəyərli poemasında həyatın sərt həqiqətləri, müxtəlif-reallıqları və onların oyatdığı təəssürat romantik-fəlsəfi tərzdə canlandırılmışdır. Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|