Növbəti kitab müzakirəsi keçirilmişdir
|
28.6.2022
|
|
28 iyun 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Ernest Heminqueyin “Qoca və dəniz” əsərinin müzakirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açaraq “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamın bu günkü aktuallığından və əhəmiyyətindən bəhs edərək qeyd etmişdir ki, siyahıda yer alan kitablar oxucuların dünyagörüşünə müsbət təsir etməklə yanaşı, həm də tərbiyəvi funksiya daşıyır. Bu gün müzakirəsini keçirəcəyimiz Ernest Heminqueyin “Qoca və dəniz” əsərində əməksevərlik, gələcəyə inam, yaşamaq həvəsi kimi keyfiyyətlər təbliğ edilmişdir.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Heyran Ələsgərova “Amerikalı yazıçı və jurnalist Ernest Heminquey” və sistem inzibatçısı Nuray Paşayeva “Qoca və dəniz” əsəri həyatı tam mənası ilə əks etdirən yaradıcılıq nümunəsidir” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdur.Tanınmış yazıçı Ernest Heminqueyin müəllifi olduğu “Qoca və dəniz” əsəri, ona Nobel Mükafatı qazandırmışdır. Səyahətçi və macərapərəst bir ruha sahib olan müəllif bu əsərini, Kubaya yollandığı zaman qələmə almağa başlamış və Kubada tamamlamışdır.Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan Santyaqo adlı tənha qocadan bəhs edilir. Ömrü balıq tutmaqla keçən tənha və qoca balıqçının 85 gün ərzində dəniz ilə imtahanından söhbət açılır. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. O öz şikarını köpəkbalıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparır. Əsərin əsas leytmotivi müəllifin “İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir” ifadəsində öz əksini tapmışdır. Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilmişdir. Onun haqqında təriflər də deyilmiş, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilmişdir. Lakin Heminquey bu gün də dünya miqyasında çox tanınan, tərcümə olunan və oxunan amerikan müəlliflərindən biri olaraq qalmaqdadır.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|