“Təbiət ilhama çağırır məni”
|
17.4.2024
|
|
17 aprel 2024-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə “Təbiət ilhama çağırır məni” mövzusunda tədbir keçirilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova qeyd etmişdir ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mühüm əhəmiyyət daşıyır. Sərəncamda bildirilir ki, Azərbaycan beynəlxalq cəmiyyətin bir üzvü kimi dünyada baş verən təbiət dəyişikliklərinə qarşı mübarizədə öz töhfələrini verir. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası istiqamətində işlər görülür. Yetişməkdə olan cəmiyyət üzvləri arasında ekoloji təbliğat aparılır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar bildirmişdir ki, təbiəti sevmək ona qayğı ilə yanaşmaq, təbiət mənzərələrinin poetik dillə təsviri ədəbiyyatda geniş mövzunu əhatə edir. Təbiətin min bir gözəlliyini vəsf edən şairlər bunu həm də elə sənətkarlıqla gerçəkləşdirir ki, oxucunun nəzərində, düşüncəsində təbiət Vətənləşir. Bütün bunları böyüməkdə olan nəslin şüuruna çatdırmaqda şair və yazıçıların əməyi əvəzsizdir.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, jurnalist Təranə Arifqızı “Təbiətə söz hədiyyəm” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Naxçıvanın füsunkar təbiəti” adlı mövzularla çıxış edərək bildirmişlər ki, qədim Naxçıvanın təbiətini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun rəngarəngliyidir. Alınmaz qala bürcləri kimi yalçın qayalar, yol üstündə qaynayan buz bulaqlar, əzəmətli Haçadağ, Xan Araz, Arpaçay, insanı valeh edən "üzən ada", Zor bulaq, Pəzməri şəlaləsi, Göy göl muxtar respublikanın təbiət gözəlliyinin simvollarıdır. Poeziya və təbiət bir növ vəhdət təşkil edir. Şairlər öz yaradıcılıqlarında qədim diyarın özünəməxsus gözəlliklərini məhəbbətlə tərənnüm etmiş, şeirlərində canlanan rəngarəng təbiət təsvirlərindən, nadir təbiət incilərinin füsunkar mənzərələrindən ilhamlanmışlar.
Sonda şairlərin təbiətin tərənnümünə həsr etdikləri şeirləri dinlənilmiş, “Ətraf mühiti qoruyaq!” başlıqlı sərgiyə baxış olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olmaqla 39 nəfər iştirak etmişdir.
|
|