Növbəti “Kitabxanaçı Günü” keçirilmişdir
|
19.4.2024
|
|
19 aprel 2024-cü il tarixdə M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı Günü” ilə əlaqədar "Oxuculara xidmət işinin təşkili” mövzusunda müzakirə keçirilmişdir.
Müzakirəni giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, oxuculara xidmət etmək üçün kitabxanaçıdan xüsusi peşəkarlıq tələb olunur. Kitabxanaçı xalqa, millətə, cəmiyyətə xidmət göstərdiyi üçün onun peşə hazırlığı, geniş dünyagörüşü, yüksək səviyyəli pedaqoji və psixoloji hazırlığının olması əsas şərtdir. Kitabxanaçının əsas keyfiyyətlərindən biri kitabxanada saxlanılan bəşəri sərvətləri oxuculara çatdırmaq məharətinə malik olmasıdır. Bu hər şeydən əvvəl kitabxana işini, onun elmi cəhətlərini, forma və üsullarını dərindən bilməyi tələb edir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva "Oxuculara xidmət işinin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, oxucuların kitabxana ilə ilk tanışlıgı qeydiyyat bölməsindən başlayır. Onlar həm ənənəvi, həm də elektron qaydada qeydiyyata alınır. Oxucuların qeydiyyatı qeyd kartoçkasında aparılır. Burada oxucunun adı, soyadı, atasının adı, doğulduğu il və s. haqqında məlumatlar qeyd olunur. Sonra həmin məlumatların xüsusi jurnallarda qeydiyyatı aparılır. Oxucular istədikləri ədəbiyyatlardan həm kitabxanada, həm də kitabxanadan kənarda istifadə edə bilər. Hər bir yeni oxucu üçün kitabxanaçı tərəfindən kitabxana qaydaları haqqında geniş məlumat verilir. Kitab verilişi zamanı kitabxanaçı oxucuları və verilən kitabları qeydə alır, qaytarılmış kitabları qəbul edir, onları ayırıb KBT-yə əsasən elm sahələri üzrə rəflərə yığır.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, verilən suallar cavablandırılmışdır.
Müzakirədə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olmaqla 27 nəfər iştirak etmişdir.
|
|