“Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”
|
22.4.2024
|
|
22 aprel 2024-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə sərgi təşkil edilmişdir. Sərgidə Ümummilli Liderin siyasi fəaliyyətindən, Ali Baş Komandan İlham Əliyevin qazanılan zəfərdə göstərdiyi siyasi məharətdən, Azərbaycan və xarici ölkələrin klassik, müasir ədəbiyyatlarından, Naxçıvan ədəbi mühiti ilə bağlı şair, yazıçıların əsərlərindən bəhs edən 82 kitab nümayiş edilmişdir.
Sərgidə nümayiş edilən Ulu Öndər Heydər Əliyevin çoxcildlik “Müstəqilliyimiz əbədidir” kitabının 45-ci cildində tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi doğma vətəni – Azərbaycanın daha da yüksəlişinə və çiçəklənməsinə dair materiallar toplanmışdır. Cildə həmçinin, Heydər Əliyevin Azərbaycan xalqına son müraciəti də daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan “Zəfər kitabı” adlı “İnkişaf məqsədimizdir” çoxcildliyində dövlət başçısının Sərsəng su anbarı ərazisində, Xankəndidə, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Ağdərə və Xocavənd rayon mərkəzlərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması mərasimlərində, o cümlədən Xankəndidə xalqımızın Vətən müharibəsində qazandığı böyük Zəfərə həsr olunmuş hərbi paradda iştirakına dair materiallar toplanmışdır. Z.Yaqubun “Əbədiyyət dastanı” kitabına Ulu Öndər Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş “Böyük ömrün dastanı” adlı poeması daxil edilmişdir. A. Axundov və S. Vəliyevin “Naxçıvanın şair və yazıçıları” adlı kitabında XVIII əsrdən başlayaraq bu günümüzə qədər Naxçıvanda və Azərbaycanda yaşayıb-yaradan naxçıvanlı şair və yazıçıların həyat və yaradıcılığından bəhs edilmiş, onların əsərlərindən nümunələr gətirilərək təhlil olunmuşdur. A. Qurbanovun “Müasir Azərbaycan ədəbi dili” adlı kitabında Azərbaycan dili, onun tarixi, forma və üslubları, Azərbaycan ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi və onlara aid linqvistik xüsusiyyətlər geniş şərh olunmuşdur. N.İsmayılovanın “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” adlı dərs vəsaitində respublikamızın ərazisində yerləşən kitabxanaların tarixinə nəzər salınmış, inkişaf mərhələləri haqqında geniş məlumat verilmişdir.
Sərgidə həmçinin, H.Həşimlinin “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı”, A.Yadigarın “O mənim ürəyim deyil...”, “Koroğlu” dastanı, “Azərbaycan dastanları”, C.Cabbarlının “Əsərləri”, M.F.Axundovun “Əsərləri”, B.Vahabzadənin “Seçilmiş əsərləri”, Anarın “Seçilmiş əsərləri”, V.Hüqonun “Səfillər”, Şekspirin “Seçilmiş əsərləri”, F.Dostoyevskinin “Seçilmiş əsərləri” və s. kitablar nümayiş edilmişdir. Sərgi 29 aprel 2024-cü il tarixədək nümayiş ediləcək.
|
|