“Kitabxanaçı Günü”
|
21.6.2024
|
|
21 iyun 2024-cü il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı Günü" ilə əlaqədar "Abonement yolu ilə oxuculara xidmət” mövzusunda müzakirə keçirilmişdir.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirmişdir ki, oxuculara xidmət işində abonement və qiraət zallarının xüsusi rolu vardır. Bu məqsədlə oxucuların maraq və sorğularına uyğun iş aparılmalı, kitabxanaçı oxucunun qeydiyyatını aparmalı, ədəbiyyat seçiminə dair məsləhətlər verməli, kitab verilişini həyata keçirməlidir. Abonement vasitəsilə verilmiş ədəbiyyatın oxucular tərəfindən vaxtında qaytarılmasına nəzarət, oxucularla kitabxana əmlakının mühafizəsi haqqında söhbətlər keçirmək kitabxana işçilərinin mühüm vəzifəsi olmalıdır.
Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova "Abonement yolu ilə oxuculara xidmət” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda oxuculara xidmət işi həm abonement, həm də qiraət zallarının köməyi ilə həyata keçirilir. Elə hallar olur ki, oxucu bəzi kitabları evdə oxumaq üçün ala bilir, bəziləri isə yeganə nüsxə olduğundan ala bilmir. Belə olduqda oxucu həmin kitabı qiraət zalında əldə edib, kitabxana şəraitində istifadə etməli olur. Kitabxanaya daxil olan hər bir oxucu ilk növbədə qeydiyyatdan keçməli, oxucu bileti almalıdır. Abonement şöbəsindən evdə oxumaq üçün götürülən kitablar, yalnız onu götürən şəxs tərəfindən deyil, həmdə onun ailə üzvləri tərəfindən də oxunur ki, buda kitabxanada olan kitabın daha çox oxucu tərəfindən oxunulmasına səbəb olmaqla yanaşı, kitabxanaya yeni-yeni oxucuların cəlb olunmasına təsir göstərir. Yaranan bu imkan daxilində oxucular da kitabxanadan istifadə qaydalarına riayət etməli, götürülən hərbir çap məhsulunu yaxşı mühafizə etməklə bərabər, həmdə müəyyən edilmiş vaxtda kitabxanaya qaytarmalıdırlar.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, verilən suallar cavablandırılmışdır.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 20 nəfər iştirak etmişdir.
|
|