Telman Abdinov - 70
|
1.7.2024
|
|
01 iyul 2024-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Əməkdar rəssam Telman Abdinovun anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, rəssamlar təkcə rəsm əsəri çəkən insanlar deyil, onlar həyatdakı hər görüntüdə belə, bir gözəllik axtaran, bu gözəlliyi yeddi rəngin harmoniyası ilə kətana köçürən sənətkarlardır. Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov da belə rəssamlardandır. O, Azərbaycanda və xarici ölkələrdə dəfələrlə təşkil olunmuş sərgiləri ilə sənətsevərlərin zövqünü oxşayan çoxcəhətli yaradıcılıq axtarışları ilə yaddaşlarda qalacaqdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova “Rənglər dünyasına bağlanan ömür” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Telman Abdinov 1954-cü il iyulun 1-də Şahbuz rayonunun Külüs kəndində dünyaya gəlib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almağa başlayıb. Tələbəlik dövrü, görkəmli rəssamlarla görüşlər, onların emalatxanalarında olmaq, qayğısından bəhrələnmək və tələbə ikən sərgilərdə ilk əsərlərini nümayiş etdirmək Telman Abdinovun xatirəsində bu gün də yaşayır. 1975-ci ildə tələbə ikən rəssamın Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda nümayiş etdirilən 3 əsəri – qobelen janrında işlədiyi “Abşeron ritmləri” və xalça texnikası üslubunda ərsəyə gətirdiyi qadın çantası onun ilk işləri idi. Rəssamın çoxşaxəli və məhsuldar yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Portret, mənzərə, qrafika, natürmort və başqa mövzulu əsərlərdə rəng tonu, kompozisiya, bütövlük onun istedad və zəhmətinin vəhdəti kimi ortaya çıxır. Telman Abdinov yorulmaq bilmədən, zəhmətinə güvənərək təsviri incəsənətimizə fədakarlıqla xidmət edən rəssamlarımızdandır. Doğma yurdunun gözəlliklərini böyük sevgi ilə təsvir edən rəssamın Naxçıvan mövzusunda rəsm əsərləri çoxdur. Rəssamın portret janrında ustalıqla yaratdığı əsərlərdə tanınmış dövlət başçılarına, elm xadimlərinə, məşhur şairlərə, rəssamlara, aktyorlara, qayğısız uşaqlara, sadə peşə adamlarına rast gəlmək mümkündür. Onun “Çətirli qız”, “Gülümsəyən kişi”, “Gənc qız”, “Ağ köynəkli oğlan” portretlərində hamıya doğma olan hisslər hakimdir. Telman Abdinovun əsərləri indiyədək Moskva, Yekaterinburq, Sankt-Peterburq, İstanbul, Ərzurum, Qars, Bodrum və başqa yerlərdə nümayiş etdirilib.
Sonra Əməkdar rəssam Telman Abdinov tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və kollektivə dərin təşəkkürünü bildirmişdir.
Sonda elektron lövhədə rəssamın rəsm əsərlərindən ibarət slayda baxış keçirilmişdir.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 25 nəfər iştirak etmişdir.
|
|