Kitab təqdimatı keçirilib
|
14.10.2024
|
|
14 oktyabr 2024-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tanınmış şair Əbülfəz Ülvinin “Yolun sonu” adlı kitabının təqdimatı keçirilib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tanınmış şair Əbülfəz Ülvinin “Yolun sonu” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əbülfəz Ülvi ədəbi mühitdə öz sözünü demiş və özünəməxsus yer tutmuşdur. Şairin vətəni, təbiəti, insanları, gözəlliyi və s. tərənnüm etdiyi şeirləri özünün yeniliyi ilə qəlblərə yol tapa bilmişdir. Əbülfəz Ülvi vətəninə bağlı şair olmuş və Naxçıvanı vəsf edən şeirləri dillər əzbərinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-publisist, dramaturq Asim Yadigar “Öz yaradıcılığı ilə ülviləşən şair” adlı mövzu ilə çıxış edərək bildirib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatı laureatı Əbülfəz Ülvi Naxçıvan ədəbi mühitində öz dəst-xətti ilə seçilən şairlərdən olub. O yaradıcılığa 1970-ci illərdən başlayıb. Şairin şeirləri bir çox mətbuatda və ədəbi almanaxlarda işıq üzü görüb. Poetik axtarışları, obrazlı deyimləri, vətən sevgisi, əsgər andı, şəhid ucalığı, gənclərin duyğu və düşüncələri şairin yaradıcılığında başlıca mövzulardandır. Onun “Elə füsunkarlıq vardır”, “Dağların” kimi şeirlərində vətənin gözəllikləri tərənnüm edilib. Şairin “Əsl dostluğun rəmzi”, “Dəmir yumruq”, “Xalqın bir xahişi var” şeirləri çox maraqla qarşılanıb. Onun “Dəmir yumruq” adlı şeiri 44 günlük Vətən müharibəsi dönəmində xalq-dövlət birliyini ifadəedir. “Yolun sonu” şairin vəfatından sonra çap olunmuş 39-cu kitabıdır. Kitabda şairin vətəninə, ailəsinə, doğma və əzizlərinə, dost-tanışlarına, yoldaşlarına, Vətənimizin istiqlaliyyəti və azadlığı uğrunda canlarını fəda edən igid oğullarımızın xatirəsinə həsr etdiyi şeirləri toplanıb.
Sonra Yazıçılar Birliyinin üzvlərindən Sona Teymurbəyli, Hüseyn Əsgərov, Əmanət Musayeva, Yadulla Zaman, Tofiq Qəbul və şairin ailə üzvləri şairlə bağlı öz ürək sözlərini, xatirələrini paylaşmış, şeirlərini qiraət etmişlər.
Sonda elektron lövhədə şairin şeirinə bəstələnmiş mahnı səsləndirilmiş və tədbir iştirakçıları müəllifin kitabxananın fondunda olan digər kitabları ilə tanış olmuşlar.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, şairin ailə üzvləri və qohumları olmaqla 32 nəfər iştirak etmişdir.
|
|