Nəbi Xəzri - 100
|
15.10.2024
|
|
15 oktyabr 2024-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyi münasibətilə “Nəbi Xəzri poeziyasının işığında” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli söz ustası, həm lirik, həm epik, həm də dramatik janrda mükəmməl əsərlər yaradan ustad sənətkardır. 60 ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi ilə seçilir. Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu rəğbəti qazanıb.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Əbədiyaşar ədib – Nəbi Xəzri” və böyük kitabxanaçı Gülan Rzayeva “Ədibin çoxcəhətli yaradıcılığı” adlı mövzu ilə çıxış edərək bildiriblər ki, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Xırdalanda anadan olub. Ədib balaca yaşlarından şeirə həvəs göstərmiş və “Günəş” adlı ilk şeirini 16 yaşında qələmə almışdır. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə o dövrün ədəbi mühitində tanınmışdır. Şair "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və s. kitabların müəllifidir. Ədibin şeir və poemaları bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olub. Onun dram əsərləri teatr səhnələrində uğurla tamaşaya qoyulub. Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Nəbi Xəzri daim çağlayan və ülvi hisslərdən yoğrulmuş bir sənətin mükəmməl nümunəsini ortaya qoyub və əbədiyaşarlıq qazanıb.
Sonra “Nəbi Xəzri – 100” başlıqlı sərgiyə baxış keçirilib.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 25 nəfər iştirak edib.
|
|