Məhəmməd Füzuli - 530
|
17.12.2024
|
|
17 dekabr 2024-cü il Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında dahi Azərbaycan şairi, mütəfəkkir və filosof Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Klassik nəsrin böyük ustadı” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq ədəbiyyatında əsərləri çox sevilən və oxunan sənətkarlardandır. Füzulinin Azərbaycan klassik şerini yüksək zirvəyə qaldırması orta əsrlərdə təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyətidir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Məsmə Cəfərova “Azərbaycan ədəbiyyatı tarixində Füzuli mərhələsi”, kitabxanaçı Surə Vəliyeva “Azərbaycan ədəbi dilinin inkişafında ədibin rolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasından olub. O, şəxsi mütaliəsi sayəsində orta əsr elmləri və ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olub, klassik türk, ərəb, fars ədəbiyyatını öyrənib. Füzuli əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə alıb. Şairin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də, Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Füzuli Nəsimidən sonra ana dilimizdə yazılan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırıb. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə və başqa şəhərlərdə dəfələrlə nəşr edilib, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilib.
Sonra kitabxana əməkdaşları tərəfindən dahi mütəfəkkirin qəzəlləri qiraət olunub, elektron lövhədə şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Məhəmməd Füzuli – 530” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 24 nəfər iştirak edib.
|
|