"Konstitusiya və suverenlik ili"
|
8.1.2025
|
|
08 yanvar 2025-ci il Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycanda 2025 ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi münasibətilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında sərgi təşkil edilib.
Sərgidə müstəqil və suveren dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Vətən müharibəsində qazandığımız qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin tam bərpa olunmasından, hüquqi dövlət quruluşundan bəhs edən çap məhsulları nümayiş edilir.
Sərgidə nümayiş edilən H. Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyində Ulu Öndərin dövlət müstəqilliyinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində dahiyanə təcrübəsi öz əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə müəyyənləşdirilmişdir. İ. Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, mahir diplomat, qalib Sərkərdəmizin müqəddəs savaşın ilk dəqiqələrindən Zəfər gününədək fəaliyyətindən bəhs edilir. İ. Əliyevin “İnkişaf – məqsədimizdir” kitabının 130-cu cildində sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulmasından və ölkə başçısının xalqa müraciətindən söhbət açılır. N. Məmmədovun “Qarabağ zəfərinin tarixi kökləri və Heydər Əliyev” kitabında Ali Baş komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, ulu əcdadlarımızın zəngin dövlətçilik tarixi və qəhrəmanlıq salnaməsindən bəhs olunur. M. Mərdanov və Ə. Quliyevin “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı kitabında ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycan dövlətinin rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixindən, milli rəmzlərin bərpası və qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri təhlil edilir. Z. Əsgərovun “Konstitusiya hüququ” adlı dərs vəsaitində Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyasına müvafiq olaraq insan və vətəndaş hüququ və azadlıqları, Azərbaycan Respublikasının idarəetmə forması, dövlət quruluşu və s. ilə bağlı məsələlər öz əksini tapır.
Sərgidə həmçinin “Qisas – 44”, İ.Əlilinin “Zəfər yolu”, Y.Xəlilovun “Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəalarının şərhi”, “Azərbaycan Respublikası Konstitusiyası”, “Naxçıvan Muxtar Respublikası Konstitusiyası” və s. kitablar da nümayiş edilir. Sərgi il ərzində nümayiş ediləcək.
|
|