"Mütaliə günü"
|
10.1.2025
|
|
10 yanvar 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə günü”nün keçirilməsi ilə bağlı Naxçıvan Dövlət Tarix Muzeyində “Mütaliə - maddi, mənəvi sərvətləri öyrənmə vasitəsidir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, insanın şəxsiyyət olaraq formalaşmasında və kamilləşməsində, cəmiyyət üzvləri arasında nüfuz qazanmasında mütaliənin müstəsna rolu var. Daima mütaliə edən insan həmişə öz bilik və bacarıqları ilə seçilir. Artıq danılmaz həqiqətə çеvrilmişdir ki, insan təfəkkürünü tam qidalandırmaq, istənilən anlayışı bütün təfsilatı ilə dərk еtməyə kömək göstərmək baxımından hеç bir köməkçi vasitə mütaliəni əvəz еdə bilmir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron zal müdiri Heyran Talıbova “İnsanın mənəvi keyfiyyətlərə malik olmasında mütaliənin faydaları” və baş kitabxanaçı İsmayıl Quliyev “Tarixi irsimizin gələcək nəsillərə aşılanmasında mütaliənin rolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Keçmişin tarixi irsini isə biz tarixə müraciət edib, kitab oxumaqla öyrənə bilərik. Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri daha qədimlərə gedib çıxır. Mütaliə insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşü genişləndirir, yaradıcı potensialı üzə çıxarır. Milli-mənəvi dəyərlərimizin qorunmasında, Azərbaycançılıq məfkurəsinin geniş təbliğ olunmasında, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsində mütaliə əvəzsiz vasitədir. Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük qiymət verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşları və muzeyin bələdçilər olmaqla 17 nəfər iştirak edib.
|
|