"Kitab Bağışlama Günü"
|
12.2.2025
|
|
12 fevral 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə görüş keçirilib.
Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisi” ilə birgə keçirilən görüşü giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, 2012-ci ildən qeyd edilən “Beynəlxalq Kitab Bağışlama Günü” ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu tarixin ideyası isə ingilis yazıçısı Emma Perri tərəfindən irəli sürülüb. Dünyanın bir çox ölkələrində qeyd olunan bu əlamətdar gün bütün kitabsevərləri birləşdirir, insanları mütaliəyə səsləyir.
Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisi”nin təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, jurnalist Təranə Arifqızı “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür” adlı mövzu ilə çıxış edərək bildirib ki, kitab ən dəyərli hədiyyədir. Həyatda uğur qazanmağın birinci yolu kitabları həyatın bir parçasına çevirməkdir. İnsan nə qədər çox mütaliə edərsə, düşüncəsi bir o qədər artar. Kitablar bizim mədəniyyətimiz, ədəbiyyatımız, tariximizdir. Gənc nəsil daim kitablarla həmsöhbət olmalıdır.
Sonra Naxçıvan ədəbi mühitinin nümayəndələrindən Mirkərim Həsrət, Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisin”nin üzvlərindən Təranə Arifqızı, Sona Teymurbəyli, Əmanət Musayeva, Dilbər Şahbuzlu, Süsən Kərimli, Sevinc Səbzəliyeva və Əzizə Həsənova müəllifləri olduqları kitabları, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Ramiq Muxtarın, Azadə Novruzovanın, Məhəbbət İbrahimovanın, Şərif Ağayarın, Elxan Zalın, Abdulla Cəfərlinin kitablarını kitabxanaya təqdim etmişlər.
Görüşdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisi”nin üzvləri olmaqla 30 nəfər iştirak edib.
|
|