"Mütaliə günü"
|
14.2.2025
|
|
14 fevral 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Mütaliə günü” ilə əlaqədar “Kitablar həyatı anlamaq üçün açardır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova kitabların əhəmiyyətindən bəhs edərək qeyd edib ki, kitab tarixin böyük ərməğanı olmaqla yanaşı, zəngin tarixi-ideoloji, mənəvi-fikir xəzinəmizi özündə daşıyır. Kitab oxumaq insanlar arasında əlaqəni gücləndirir, söz ehtiyatımızı artırır. Müasir dövrün yeniliklərinə rəğmən kitab oxumağın hər kəsin həyatında necə vacib olduğunu bilirik. Bu bir faktdır ki, dünya mütəfəkkirləri kitab haqqında müdrik ifadələr işlətmiş, mütaliənin vacib olduğunu vurğulamışlar.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Kitablar elm və mərifət dünyasına açılan qapıdır” və biblioqraf Nəzmiyyə Həsənova “Fərqli düşünmək və anlamaq üçün kitab oxumaq vacibdir” adlı mövzularla çıxış edərək bildiriblər ki, kitab oxumağın faydası saysız-hesabsızdır. İnsanların mənəvi inkişafında kitab oxumaq mühüm əhəmiyyətə malikdir. Bu gün internet əsrində yaşasaq da, elm dünyasını kitabsız təsəvvür etmək mümkün deyil. Çünki hər kitab tarixdir, ədəbiyyatdır. Ümumiyyətlə kitab oxumaq gözəl məşğuliyyətdir. Kitaba ayırdığımız zaman hədər olmayacaq, əksinə oxucuya yeni biliklər qazandıracaq. Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların böyük əhəmiyyəti var. Kitab işıqdır, həyat yolumuzu aydınlığa çıxarır, bizə doğru yolu göstərir. Kitab mədəniyyətimizə, ruhumuza, həyatımıza və sivilizasiyamıza yol göstərən mənbədir. Böyük fransız yazıçısı Viktor Hüqonun dediyi kimi “Bəşəriyyətin ən dəyərli kəşfi məhz kitabdır”.
Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.
Sonda Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova tədbir üçün kitabxana rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin əməkdaşları olmaqla 14 nəfər iştirak edib.
|
|