Beynəlxalq Ana Dili Günü
|
20.2.2025
|
|
20 fevral 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilib.
Sərgidə dünya dillərinin inkişafı ilə bağlı, xüsusilə ana dilimizin tədqiqinə həsr edilmiş materiallardan, dilimizin zənginləşməsinə xidmət edən folklor nümunələrindən, görkəmli şəxslərin ana dilimizə həsr etdikləri əsərlərdən bəhs edən 52 nüsxə kitab nümayiş edilir.
Sərgidə nümayiş edilən N.Xudiyevin "Heydər Əliyev və Azərbaycan Dili" kitabında Ümummilli Lider H.Əliyevin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq yürütdüyü milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir. N.Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyasında Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər H.Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır. Çoxmüəllifli "Azərbaycan nitq mədəniyyəti" kitabında nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılmış, görkəmli söz ustalarının bu istiqamətdə apardığı mübarizənin məram və məqsədləri təhlil edilmiş, həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilmişdir. S.Həsənovanın "Dilimiz mənəvi kimliyimizdir" kitabı Azərbaycan ədəbi dilinin, nitq mədəniyyəti və üslubiyyatının bir sıra problemlərini əks etdirən monoqrafik elmi araşdırmaların nəticəsi olaraq müxtəlif tarixi zamanlara aid söz sənətkarlarının, natiqlərin dil-üslub xüsusiyyətlərinin tədqiqinə həsr edilmişdir. E. Maqsudovun "Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri" adlı metodik vəsaitində ana dilimizin tədqiqi və tədrisi ilə bağlı bütün məsələlər bir amala – Azərbaycan dilini sevmək və sevdirməyə, onun saflığını, gözəlliyini, eləcə də qrammatik qayda-qanunlarını qorumağa və yaşatmağa həsr edilmişdir. Dahi türk dilçisi və ensiklopedisti M. Kaşğarinin "Divanü-lüğat-it-türk" əsəri dünya dilçilik elminin ən qədim və ən möhtəşəm nümunələrindən biridir. S.Vəliyevin "Türk dillərində sadə cümlə" monoqrafiyasında Azərbaycan, türk, türkmən və qaqauz dillərinin sintaktik quruluşunda sadə cümlənin yeri, mövqeyi, əsas səciyyəvi xüsusiyyətləri, oxşar və fərqli cəhətləri, tərkib hissələri ümumtürkoloji konteksdə araşdırılmışdır.
Sərgidə həmçinin M. Arazın “Seçilmiş əsərləri”, Ə. Nehrəmlinin “Seçilmiş əsərləri”, Y. Zamanın “Azad duşa dönəydim”, A. Eldaroğlunun “Vətən əmanətdir”, E.Əlibəyzadənin “Azərbaycan dilinin tarixi”, Q.Hacıyevanın “Dilimiz, tariximiz, yaddaşımız”, Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dili”, “Azərbaycan ədəbi dili tarixi”, E.Benevistin “Ümumi dilçilik problemləri”, L.Blumfildin “Dil”, C.Layonsun “Linqvistik semantika: giriş” və s. dilçilik elminə aid bir sıra qiymətli kitablar nümayiş edilir. Sərgi fevral ayının 28-dək nümayiş ediləcək.
|
|