Əziz Şərif - 130
|
18.3.2025
|
|
18 mart 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Əziz Şərifin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri var. Professor Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, fədakar tərcüməçi və publisist kimi şöhrət qazanıb. Onun adı son yüz ilin adlı-sanlı Azərbaycan ziyalıları arasında iftixarla çəkilir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Görkəmli alim və publisist – Əziz Şərif” və baş kitabxanaçı İsmayıl Quliyev “Alimin çoxcəhətli fəaliyyətində elmi-tədqiqat işləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Əziz Şərif 1895-ci il martın 28-də Naxçıvan şəhərində anadan olub. O, 1901-1904-cü illərdə Naxçıvanda "Tərbiyə" məktəbində, 1904-1945-ci illərdə isə Tiflis və İrəvanda gimnaziyalarda təhsil alıb. Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"la başlayıb. O "Sabirin həyatı və yaradıcılığı", "Vaqif məhəbbət və gözəlliyin tərənnümçüsüdür", "Atam və mən", "Keçmiş günlər", "Molla Nəsrəddin necə yarandı?" və s. kitabların müəllifidir. Əziz Şərif tərcüməçilik sahəsində də səmərəli fəaliyyət göstərib. Azərbaycan bədii ədəbiyyatından rus dilinə tərcümələr edib, onlara ön söz, müqəddimə, şərhlər yazıb. M. Qorkinin "Ana", "Düşmənlər", A. Fadeyevin "Tarmar" və s. əsərlərini rus dilindən tərcümə edərək çap edib. Onun elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri olmaqla 25 nəfər iştirak edib.
|
|