"Beynəlxalq Poeziya Günü"
|
18.3.2025
|
|
18 mart 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü” münasibətilə sərgi təşkil edilib. Sərgidə Azərbaycan klassik poeziya ənənələrindən tutmuş müasir dövrümüzədək olan şairlərin şeir nümunələrinin toplandığı 40 nüsxə kitab nümayiş edilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəşr etdirdiyi “Poeziya günü” kitablarına Azərbaycanlı şairlərin mövzu əlvanlığı, forma-üslub rəngarəngliyi ilə seçilən şeirlərindən nümunələr daxil edilib. N. Muradoğlunun “Çağdaş poeziya və folklor” monoqrafiyasında 1990-cı illər müstəqillik dövrü Azərbaycan poeziyasının folklor qaynaqları elmi-nəzəri tədqiqat yolu ilə araşdırılib, sistemli şəkildə təhlil edilib. G. Mirzəyevanın “Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyyətləri” monoqrafiyasında müstəqillik illərində yazıb-yaradan şairlərimizin poeziyasına nəzər salınıb, müstəqilliyimizin qazanıldığı dövrlərdə bədii yaradıcılıqla məşğul olan şairlərin gələcək nəsillərə örnək olacaq poeziyasının, eləcə də müstəqillik dövründə yaradıcılığa başlayan və ədəbiyyata yeni baxışları ilə oxucuların rəğbətini qazanan gənc şairlərin şeirlərindən nümunələr verilib. Ə. Əhmədovun “Muğam sənətində poeziyanın təcəssümü problemləri” adlı dərs vəsaitində Azərbaycan muğam ifaçılığının, xüsusən vokal-instrumental ifaçılığın təşəkkül tarixinə nəzər salınıb, muğam və poeziyanın inkişafı tarixi faktlarla, ədəbi mənbələrlə, xanəndəlik sənətinin inkişaf yolu ilə əlaqəli şəkildə araşdırılıb. “Azərbaycan aşıq poeziyası” antologiyasında müxtəlif dövrlərdə yaşayıb-yaradan ustad sənətkarların yaradıcılığından seçmələr verilib, el şairlərinin, yaradıcı aşıqların zəngin bədii irsindən nümunələr toplanıb. S. Mustafanın “Poeziya çələngi” adlı toplusunda Azərbaycan ədəbiyyatının ürəkləri vəcdə gətirən poetik nümunələri ingilis dilinə tərcümə olunaraq verilib. “Sevgi fəsli” kitabında müxtəlif ədəbi nəsilləri təmsil edən söz ustalarının insan sevgisinin vəsfinə həsr olunan, duyğu və düşüncələri poetik şəkildə əks etdirən şeirləri toplanıb.
Sərgidə həmçinin, S. Rüstəmxanlının “İki kəlmə”, “Y. Əmrə”, N. Hikmətin “Seçilmiş əsərləri”, T.Arifqızının “Yüz ilin sədası”, “Azərbaycan qadın şairləri antologiyası”, Ə.Ülvinin “Elə sev ki...”, İ.Əlilinin “Mənim sevgi dünyam”, V. Bəhmənlinin “Beş damla”, A. Yadigarın “O mənim ürəyim deyil...”, R. Dövranın “Gözlə yolumu” və s. kitablar yer alıb. Sərgi mart ayının 28-dək nümayiş ediləcək.
|
|