Xalidə Hasilova - 105
|
16.4.2025
|
|
16 aprel 2025-ci il Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı Xalidə Hasilovanın anadan olmasının 105 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri də Xalidə Hasilovadır. Həyatın mənasını xalqına xidmətdə görən söz ustası daim el arasında olub, obrazlarını və qəhrəmanlarını buradakı insanlar arasından seçib. Onun dili sadə, səlis və rəvandır. Xalidə Hasilova maraqlı əsərləri ilə oxucular arasında geniş şöhrət qazanıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Güləsər Hüseynova “Xalidə Hasilovanın həyat və yaradıcılığı” və baş kitabxanaçı İsmayıl Quliyev “Yazıçının əsərlərinin ideya-bədii xüsusiyyətləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Xalidə Hasilova əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Zaqatala şəhərində müəllim kimi başlamış, sonralar bütün qüvvəsini Azərbaycan mətbuatının tərəqqisinə həsr etmişdir. 1950-ci ildə “Kiçik hekayələr” adlı ilk kitabı işıq üzü görmüşdür. Onun müxtəlif illərdə nəşr etdirdiyi “İlk məktub”, “Ləpələr”, “Dəniz çıraqları”, “Atlas yarpaqlar”, “Zəhra”, “Unutmaram”, “Məhəbbət olanda”, “Çilçıraq”, “Ləpəli sahilin xatirələri”, “Onun taleyi” və s. kitabları yüksək ideya-bədii xüsusiyyətlərinə görə geniş oxucu rəğbəti qazanmış və yüksək qiymətləndirilmişdir. Yazıçının əsərləri uşаqlаrın təlim-tərbiyəsinə, bir şəхsiyyət kimi fоrmаlаşmаsınа böyük təsir göstərmiş, оnlаrdа еlmə, biliyə mаrаğı dаhа dа аrtmışdır. Xalidə Hasilovanın “Bir sahilin adamları” və “Nəğməli könül” əsərləri səhnələşdirilərək tamaşaya qoyulmuşdur. Yazıçı bədii tərcümə fəaliyyəti ilə də məşğul olub. Onun Ə. Nesinin “İndiki uşaqlar möcüzədir”, N.Tixonovun “İgid partizan” və digər tərcümələri oxucular tərəfindən sevilə-sevilə oxunur.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olmaqla 27 nəfər iştirak ediblər.
|
|