"Kitabxanaçı günü"
|
18.4.2025
|
|
18 aprel 202-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı günü"nün keçirilməsi ilə bağlı "Fondun düzülüşü və yoxlanılması" mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kitabxana fondu cəmiyyətin tələbatına, kitabxananın qarşısında duran vəzifələrə müvafiq planlı surətdə komplektləşdirilir və elmi əsaslarla sistemləşdirilir. O, daim yenilənməli, oxucuların təlabatını ödəmək üçün dinamik olmalıdır. Kitabxana fondu kitabxananın tipinə və profilinə uyğun olaraq qurulmalıdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova "Fondun düzülüşü və yoxlanılması" adlı mövzu ilə çıxış edərək bildirib ki, fond universal, sahəvi, çoxsahəli, və ixtisaslaşdırılmış ola bilər. Fondun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. Kitabxana fondunun məqsədəuyğun düzülüşü çap əsərlərindən istifadəni səmərəli təmin etmək məqsədi ilə fondun təşkilində həyata keçirilən mühüm iş prosesindən biridir. Müasir dövrdə kitabxanalarda düzülüşün iki növündən istifadə edilir ki, bunlar da kitabın məzmununa və formasına əsaslanır. Kitabxana fondu üçün elə düzülüş növü seçilməlidir ki, ondan istifadə əlverişli olsun. Kütləvi kitabxanalar üçün ən əlverişli düzülüş növü sistemli düzülüşdür. Sistemli düzülüş zamanı bütün kitablar sistemləşdirilmiş qaydada şöbələrə, bölmələrə, yarımbölmələrə və rubrikalara ayrılaraq rəflərdə soldan sağa doğru düzülür. Bu düzülüş Kitabxana- Biblioqrafiya Təsnifatına əsasən aparılır. Qeydə alınmış nəşrlərin real vəziyyətinin öyrənilməsi məqsədilə kitabxana fondu yoxlanılmalıdır.
Sonda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri olmaqla 29 nəfər iştirak edib.
|
|